Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən, Bank cari ilin üçüncü rübündə dinamik inkişaf etməyə davam edib və yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin, Bank rəqəmsal paltformasını köklü şəkildə yeniləyib, bu isə, bankın dövrümüzün aktual çağırışlarına sürətli və effektiv cavab verməsinə, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək.
1 oktyabr 2020-ci il tarixinə bankın aktivləri 1,07 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Üçüncü rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 5,8 milyon manat təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəliri isə 21%-dən çox artaraq 35,4 milyon manat təşkil edib. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək 9 ay ərzində 190 mln. manat məbləğində kredit verib.
Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15% artaraq 84,9 mln. manat olub və minimum məcmu kapital normasını (50 mln. manat) 70% üstələyib.
Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,71%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,93% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,8 dəfə çoxdur.