Bu ilin mayın 29-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, iclasda 2017-cü il üçün illik maliyyə hesabatı müzakirə olunacaq.
Bundan başqa, ümumi yığıncaqda 2017-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında da müzakirələr aparılacaq.
Qeyd edək ki, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artaraq 67 461 088,1 manata çatmışdır.
“Bank Respublika”nın emissiya etdiyi yeni səhmlər mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdı.
Əqddən sonra Natiq Quliyevin “Bank Respublika” ASC-də payı 53,2% təşkil edir. O, bankın 14,793,070 ədəd səhmlərinə malikdir. Bankın cəmi nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,45 manat olan 27535138 ədəd səhmdən ibarətdir.
İlin əvvəlində “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdi ki, nizamnamə kapitalının 10 milyon manat artırılmasından əlavə, 2018-ci il ərzində kapitalın daha 20 milyon manat məbləğində artırılması ilə bağlı səhmdarlar arasında razılıq əldə olunub.