Azərbaycanın ən böyük və aktiv banklarından olan «Bank Respublika»nın kredit əməkdaşlarının 80%-nin kredit potfelində kənd təsərrüfatı kreditləri var. Bankın regionlarda verdiyi hər 3 kreditdən 2-si kənd təsərrüfatına yönəlib.
FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Tariyel İsmayılov Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumundakı təqdimatı zamanı bildirib.
Xatırladaq ki, forumda Azərbaycanda aqrobiznesin inkişafında beynəlxalq və yerli təcrübədən istifadə, mövcud vəziyyət, imkanlar, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə edilib.
Aqrobiznesə həsr olunmuş konfransda banklar üzrə aparıcı təqdimatın «Bank Respublika»ya həvalə edilməsi təsadüfi deyil.
FED.az xəbər verir ki, «Bank Respublika» Azərbaycanda aqrar sektoru ən aktiv maliyyələşdirən banklardandır. Tariyel İsmayılovun sözlərinə görə, bankın ümumi kredit portfelində aqrar kreditlərin payı 24% təşkil edir. Bu - ölkə bankları arasında ən yaxşı göstəricilərdən biridir.
Regionlardakı kredit portfelinin məbləğinin 36%-i, say baxımdan isə kreditlərin 64%-i kənd təsərrüfatına yönəlib.
Filiallarının 50%-dən çoxunun regionlarda olması Bankın bu sahədəki aktivliyinə kömək edir.
AKİA da kredit bazarında aktivliyi artırıb
Bankın aqrar kreditlərinin 40%i sahəvi dövlət qurumları və fondları (AKİA və Sahibkarlığın İnkişafı Fondu) vasitəsilə maliyyələşdirilir: «Sözsüz ki, bu göstəricinin 80-90% və ya 100% olması mümkün deyil, amma ümidvarıq ki, yaxın vaxtlarda AKİA-nın maliyyə resursları çoxalacaq və bu da bizə imkan verəcək ki, ümumi portfeldə fondlar vasitəsilə verilən kreditlərin ümumi çəkisini bir qədər də artıraq»-deyə Tariyel İsmayılov gözləntilərini açıqlayıb.
Qeyd edək ki, AKİA vasitəsilə verilən kreditlərin şərtləri aqrar sahədə çalışan fermer və sahibkarlar üçün daha əlverişlidir. Nəticədə bu kreditləri götürənlərin kredit xərclərinin azalmasına və daha gəlirli işləməsinə imkan yaradır.
2021-ci ildə bankın dövlət fonları xətti ilə aqrar sahəyə ayırdığı kreditlərin sayca 73%-i AKİA vasitəsilə verilib. «Bank Respublika» mikro kreditlər sahəsində aparıcı banklardan olduğu üçün bu bizim üçün olduqca əhəmiyyətli göstəricidir və regionlarda da fermerlər tərəfindən olduqca rəğbətlə qarşılanır»-deyə bankın sədri bildirib.
Fermerlərə verilən kreditlərin 99%-i qaytarılır
Məsələ təkcə kreditləri ayırmaqla bitmir. Ölkə bankları ənənəvi olaraq aqrar sahəyə ehtiyatla yanaşırlar. Amma bu sahədə təcrübəsinin olması, «Bank Respublika»nın fermerlərə ayrılan kredit portfelini yaxşı idarə etməsinə imkan verib. Qeyd etmək kifayətdir ki, bankın kredit əməkdaşlarının 80%-nin kredit portfelində kənd təsərrüfatı kreditləri var. «Bu da o deməkdir ki, istənilən kredit əməkdaşı kənd təsərrüfatı sahəsini təhlil etmək üçün əlavə treninqlər keçib və bunlar mütəmadi olaraq təkrarlanır»-deyə T.İsmayılov rəhbərlik etdiyi bankın aqrar sahədəki kreditləşmə imkanlarını açıqlayıb.
Bu da özünü kredit portfelinin keyfiyyətində göstərir. «Bank Respublika»nın kredit portfelində vaxtı 90 gündən artıq keçən kreditlərin həcmi cəmi 0,94% təşkil edir. Kənd təsərrüfatına verilən kreditlərdə də təqribən eyni göstəricidir: «Bu ilk növbədə kənd təsərrüfatı kreditlərinə tələbatın yüksək olması, maliyyə risklərinin düzgün idarə olunması və sözsüz ki, dövlət qurumlarının – istər Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), istərsə də digər qurumların dəstəyi ilə kreditlərin daha əlverişli şərtlərlə verilməsi nəticəsində mümkün olub. Nəticədə kreditlərdə gecikmə göstəricisi olduqca aşağıdır».
Fermerlərə «üzən» ödəniş qrafiki verilir
«Bank Respublika»nın sədri bildirir ki, bu sahədə böyük təcrübəsi olduğuna görə, bank fenmerlərə uyğun şərtlər təqdim edə bilir: «Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müştərilərə xüsusi yanaşma tətbiq olunur, maliyyə proqnozları və ödəniş qrafikində üzən qrafik təqdim olunur və sair».
«Çalışırıq təminat tələblərini sərt qoymayaq»
Aqrar sahənin maliyyələşdirilməsində ən çox problem yaradan məsələ kreditlərin təminatı ilə bağlıdır. Banklar çoxsaylı risklərə məruz aqalan aqrar sahəyə kredit ayırarkən sahibkarlardan girov təminatı götürməyə çalışırlar. Amma regionlarda yerləşən və likvidliyi sual yaradan əmlaklar bəzən bu tələblərə cavab verə bilmir: «Regionlardakı sahibkarların təminatla bağlı çətinlikləri olur, biz isə maksimal şəkildə çalışırıq ki, böyük olmayan məbləğlərdə bu tələbləri sərt şəkildə qomayaq və müuştərilərin maliyyə resurslarından yararlanmaq imknaları olsun».
Fermerlərə daha bir dəstək Aqrar Sığorta olacaq
Amma aqrar sahənin kreditləşməsində hər şey asan deyil. Bank sədrinin sözlərinə görə, aqrar sahə spesifik olduğuna görə ona yanaşma da spesifik olmalı, bütün məqamlar nəzərə alınmalıdır. Bura həm fermerlərin ödəniş qabiliyyətli olması, həm də onlara təhlükə yarada bilən risklər aiddir: «Sözsüz ki, sahə fərqlidir, burada mövsümi məsələlər, təbii iqlim və sair faktorlar var».
Qeyd edək ki, hazırda Aqrar Sığorta Fondu ölkədəki bitki və heyvandarlıq təsərrüfatlarının sığortasına başlayıb. Bank sədrinin sözlərinə görə, təsərrüfatla məşğul olan sahibkarlar ondan fadylana biləcəklər.
İki əsas məsələ: ərzaq təhlükəsizliyi və ixrac
«Bank Respublika»nın top-menecmenti aqrar sektora təkcə daxili tələbatı ödəyən sahə kimi baxmır, məsələ ərzaq təhlükəsizliyi ilə yanaşı, həm də xaricə ixracdır: «Kənd təsərrüfatında iki məqam var – bundardan birincisi daxili ərzaq təhlükəsizliyi, ikincisi xarici bazarlara çıxışdır».
T.İsmayılovun sözlərinə görə, Vətən Müharibəsi nəticəsində Qarabağın azad edilməsi digər məsələlərlə yanaşı, kənd təsərrüfatı imkanlarını da artırıb: «Nəticədə xaricə məhsul ixracı imkanları daha da artır, dövlət qurumları və fondlar tərəfindən verilən dəstək bu prosesi daha da sürətləndirəcək».