Azərbaycanın ən böyük banklarından biri «Bank Respublika» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bank bu dövrü mənfəətlə başa vurub, ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət kəskin artıb.
Qiymətli kağızlardan gəlir 2 qat artıb
Açıqlanan hesabata əsasən, ilk yarım ildə bankın faiz gəlirləri 39 milyon 354 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon manat və ya 2,9% artıqdır.
Faiz gəlirlərinin artımı kreditlərdən daxil olan faizlərin hesabınadır. «Bank Respublika» 36 milyon 552 min manat kredit faizi əldə edib ki, bu da ötən ilin eyni dövründən 2,8 milyon manat və ya 8% artıqdır.
Bankın qiymətli kağızlardan əldə etdiyi gəlir isə ötən illə müqayisədə təqribən 2 dəfə artaraq 1 milyon 717 min manata yüksəlib.
Əmanətlər üzrə ödənişləri yüksəlib
İlk yarım ildə «Bank Respublika»nın faiz xərcləri də 14% artaraq 13 milyon manatdan 14,8 milyon manata yüksəlib. Bu dövrdə bankdakı əmanətlər üzrə ödənilən faizlərin məbləği 30%-ə yaxın artaraq 6 milyon manatdan 7,8 milyon manata yüksəlib.
Əvəzində, bankın cəlb edilmiş kreditlərə görə faiz ödənişləri azalaraq 6,5 milyon manatdan 5,7 milyon manata enib.
Nəticədə ilk yarım ilin yekununda «Bank Respublika»nın xalis faiz gəliri 24,4 milyon manat təşkil edib.
Haqq və komissiya gəlirləri 30% artıb
İlk yarım ildə «Bank Respublika»nın qeyri-faiz gəlirləri 10 milyon 202 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 13 milyon 538 min manat idi.
Bu dövrdə bankın haqq və komissiya gəlirləri 30% artaraq 6,6 milyon manata çatıb.
Bu dövrdə xarici valyutalarla əməliyatlardan 2,9 milyon manat gəlir əldə edilib.
Əmək haqqı xərcləri artıb
İlin ilk yarısının nəticələrinə görə, «Bank Respublika» qeyri-faiz xərclərini bir qədər (500 min manat) azaldaraq 30 milyon 520 min manata endirməyə nail olub.
Bu dövrdə əmək haqqı xərcləri 2% artaraq 17 milyon 430 min manat, inzibati xərclər isə
5,7 milyon manat olub.
Beləliklə, bank yarım ili 4 milyon 176 min manat əməliyyat mənfəəti ilə başa vurub.
İndiyədək mümkün zərərlər üzrə ayrılmış ehtiyatlardan 3 milyon 377 min manat geri çəkilib.
Xalis mənfəətdə 70% artım var
Nəticədə ilk yarım ildə «Bank Respublika»nın xalis mənfəəti 7 milyon 553 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıqdır.
Aktivləri 1,2 milyard manata çatıb
İlk yarım ilin sonunda «Bank Respublika» ölkənin 5 ən böyük banklarından biri statusunu daha da möhkəmləndirib. İlin əvvəlindən bəri bankın 180 milyon manat və ya 17% artaraq 1 milyard 214 milyon manata yüksəlib.
Bu dövrdə bankın nağd vəsaitlər i 122 milyon manat artaraq 338 milyon manatdan 460 milyon manata çatıb.
Müştərilərə verilən kreditlər isə 109 milyon manat artaraq 555 milyon manat olub. İlk yarım ildə «Bank Respkblika»nın təkcə biznes kreditləri 66 milyon manat və ya 20% artaraq 398 milyon manatı keçib. İstehlak kreditləri isə 65% artaraq 98 milyon manatı keçib.
Banka depozit və əmanətlər axışıb
Bu dövrdə bankın öhdəlikləri 172 milyon manat və ya 18% artaraq 1 milyard 125 milyon manata yüksəlib. Depozit portfeli isə 175 milyon manat artaraq 863 milyon manat yüksəlib.
İlk yarım ildə bankda fiziki şəxslərin əmanətləri 47 milyon manat və ya 13% artaraq 359 milyon manat yüksəlib.
Hüquqi şəxslərin depozitləri isə 127 milyon manat və ya 33% artaraq 504 milyon manata çatıb.
Hesabat dövrünün sonuna «Bank Respublika»nın kapitalı 8 milyon manat və ya 10% artaraq 89 milyon manatı keçib.