FED.az xəbər verir ki, ölkə bankları arasında davamlı olaraq həyata keçirdiyi sosial layihələrlə fərqlənən Bank Respublika, daha bir fərqli və xeyirxah layihəyə imza atıb. Bank bu dəfə “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi ilə birgə fiziki məhdud uşaqlar üçün “Mən də bacararam!”adlı sosial layihə həyata keçirib.
Belə ki, 1 ay davam edən layihə çərçivəsində fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təlimlərin keçirilməsində əsas məqsəd fiziki məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, əl işləri sənətinə yiyələnərək rifah halının yüksəldilməsinə yardımçı olmaq idi. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlər uşaqlar tərəfindən çox maraqla qarşılanıb. Şən abu-havada davam edən dərslərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib.
Layihənin sonunda, ilk dəfə olaraq Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb. Sərgidə iştirak edən uşaqların öz zəhmətləri ilə hazırladıqları əl işlərinin satışının baş tutması halı çox sevindirib. Bununla da uşaqlar fiziki məhdud olsalar belə “Mən də bacararam!” deyə səsləniblər!
Qeyd edək ki, satılan əl işlərindən yığılan bütün məbləğ uşaqlara verilib.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.