“Bank Respublika” və “Aqrar Kredit və İnkişaf Agentliyi” (AKİA) regionlarda kredit yarmarkasına start verib.
FED.az xəbər verir ki, Bank AKİA ilə olan əməkdaşlıq çərçivəsində müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün xüsusi olaraq yaradılacaq mobil ofislər vasitəsilə region mərkəzlərində sahibkarları kredit şərtləri ilə tanış edərək onların müraciətlərinin qəbulunu aparır.
İlk kredit yarmarkası Lənkəranda baş tutub. Daha sonra Sabirabadda, Bərdədə olub. Bu gün isə yarmarka Gəncə şəhərində keçirilir.
Daha sonra bu yarmarkanın Zaqatala, Quba, Xaçmazda keçiriləcəyi bildirilir.
Qeyd edək ki, bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.
Respublikanın müxtəlif regionlarında həyata keçiriləcək yarmarka sentyabr ayının 14-ə qədər davam edəcək.