«Bank Respublika» bir qədər də böyüyüb – PORTFELİNİ ARTIRIB - MƏNFƏƏT AÇIQLAYIB
Azərbaycanın aparıcı banklarından olan «Bank Respublika» 2021-ci ilin 1-ci rübündə aktivlərini daha da artırıb, bankın mənfəəti yüksəlib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, yanvar-mart aylarında «Bank Respublika»nın faiz gəlirləri 18 328 min manat, faiz xərcləri 7031 min manat olub. Faiz gəlirlərinin böyük hissəsi - 16 654 min manatı verilmiş kreditlərdən gələn faizlərin payına düşüb.
Qiymətli kağızlara yatırılmış investisiyalar isə banka əlavə 1 milyon 29 min manat qazandırıb. Bu öən illə müqayisədə 3 dəfə artıqdır.
Birinci rübdə «Bank Respublika» depozitlər üzrə
3 milyon 473 min manat faiz ödəyib, bu ötən ilin eyni dövründən 11% artıqdır.
Nəticədə birinci rüb ərzində bankın xalis gəlirləri 11 milyon 297 min manat olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 4 milyon 696 min manat, qeyri-faiz xərcləri 14 milyon 419 min manat olub.
Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 574 min manat təşkil edib.
Birinci rübün nəticələrinə görə, «Bank Respublika» aktivlər üzrə mümkün zərərlər üzrə ayrılmış ehtiyatlardan 1,3 milyon manat geri çəkib. Nəticədə bank 1-ci rübü 2 milyon 877 min manat xalis mənfəətlə başa vurub.
Son 3 ayda «Bank Respublika»nın aktivləri sürətli artım nümayiş etdirərək 78 milyon manata yaxın artıb və 1 milyard 111 milyon 925 min manata yüksəlib.
Bu dövrdə bankın nağd vəsaitləri 338 milyon manatdan 414 milyon manata yüksəlib.
Kredit portfeli bütün istiqamətlərdə böyüyüb
Birinci rübdə «Bank Respublika»nın müştərilər verdiyi kreditlərin ümumi məbləği 40 milyon manata yaxın artaraq 484,4 milyon manata çatıb.
Xalis kreditlər isə 40 milyn manat artaraq 469 milyon manata yüksəlib.
Bankın bütün sahələrə ayırdığı kreditlərdə artım baş verib.
Belə ki, biznes kreditləri 20 milyon manat və ya 5,9% artaraq 352,4 milyon manata yüksəlib.
İstehlak kreditləri 15 milyon manat artaraq 74,4 milyon manata çatıb.
İpoteka kreditləri isə 3,2 milyon manat artaraq 57,3 milyon manata yüksəlib.
Başqa sözlə, bankın kredit portfelinin 73%-ə yaxın hissəsini biznes kreditləri təşkil edir.
Depozit portfelində kəskin artım
Birinci rübdə «Bank Respublika»nın depozit portfelində böyük artım olub, bankdakı depozitlər 90 milyon manat və ya 13% artaraq 778,8 milyon manata yüksəlib.
Bu dövrdə fiziki şəxslərin əmanətləri 12 milyon manat artaraq 324,8 milyon manata, hüquqi şəxslərin depozitləri isə 77 milyon manat və ya 20% artaraq 454 milyon manata çatıb.
Hesabat dövründə bankın kapitalı 3,3 milyon manat artaraq 84,2 milyon manata yüksəlib.