«Bank BTB» 2023-cü ilin 2-ci yarısından zərərlə işləməyə başlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 3-cü rübünün yekununa görə, bankın faiz gəlirləri 22,4 milyon manat, faiz xərcləri isə 14 milyon manat təşkil edib.
Faiz gəlirlərinin böyük hissəsi – 21,9 milyon manatı bank kreditlərinin payına düşüb.
Faiz xərclərinin isə yarıdan çoxu depozit sahiblərinə ödənilən faizlər olub – 7,7 milyon manat. Nəticədə rübün sonunda bankın xalis faiz gəlirləri 8,3 milyon manat olub.
Bankın qeyri-faiz gəlirləri 3,4 milyon, qeyri-faiz xərcləri 9,78 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 10%, qeyri-faiz xərcləri isə 10% və ya 1 milyon manat azalıb.
2023-cü ilin ilk 9 ayında «Bank BTB»nin inzibati xərcləri 3 dəfə azalaraq 5,75 milyorn manatdan 1,96 milyon manata enib ki, bu da bankın əhatə dairəsinin məhdudlaşmasının göstəricisidir.
Bank hesabat dövrünü 1 milyon 895 min manat əməliyyat mənfəəti ilə başa vurub, daha 2,5 milyon manat aktivlər üzrə mümkün zərərlərə görə əvvəllər yaradılan ehtiyatlardan geri çəkilib. Nəticədə bankın vergiyədək mənfəəti 4,4 milyn manat olub.
Amma gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən yaranan xərclər 5,4 milyon manat təşkil edib.
Nəticədə «Bank BTB» 2023-cü ilin 3-cü rübünü 987 min manat xalis zərərlə bağlayıb.
«Bank BTB» cari ilin 3-rübündə 376,8 milyon manat aktivlərə malik olub. Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 2,6 milyon manat və ya 0,7% artıb.
Nağd pul vəsaitləri 52 min manat (0,7%) azalaraq 7,1 milyon manata, qiymətli kağızlar isə 2,1 milyon manat (19,9% ) azalaraq 8,4 milyon manata düşüb.
Bank müştərilərə bu dövrdə 276,8 milyon manat xalis kredit verib. Xalis kreditlərin həcmi 25,6 milyon manat (10,2%) artıb.
«Bank BTB» ötən ilin son rübü ilə müqayisədə öhdəliklərini 3,4 milyon manat (1%) artıraraq 327,5 milyon manata çatdırıb.
Bankın kapitalı isə 49,2 milyon manat olub ki, bu da 832 min manatlıq, başqa sözlə 1,7%-lik azalma deməkdir.