«Bank BTB» 2022-ci ilin 3-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 19 milyon 861 min manat təşkil edib.
Bankın faiz xərcləri isə 12 milyon 310 min manat olub. Faiz xərclərinin əsas hissəsi – 63 milyon manat bankda depoziti olan müştərilərə ödənilən faizlərdir. 5,7 milyon manat isə digər qeyri-faiz xərcləridir.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3 milyon 890 min manat olub. Gəlirlərin 700 min manatı hesabların aparılması üzrə komissiya haqlarının, 3,2 milyon manat isə digər komissiya haqlarının payına düşür.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri isə 10 milyon 861 min manat olub. Bunun 5,1 miyon manatı göstərilən xidmətlər üzrə haqq və komissiya xərcləri, 5,7 milyon manat isə inzibati xərclərdir.
Nəticədə «Bank BTB» 3-cü rübü 159 min manat əməliyyat mənfəəti ilə başa vurub.
3-cü rübün sonuna bank aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün 5 milyon 873 min manat ayrılıb.
Nəticədə bank hesabat dövrünü 5 milyon 714 min manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, Bank 2-ci rübü də 5,2 milyon manat zərərlə başa vurmuşdu, 3-cü rü ərzində bu zərər daha da böyüyüb.
Ötən ilin eyni dövründə bank 1 milyon 174 min manat xalis mənfəət əldə etmişdi.
3-cü rübün nəticələrinə görə, «Bank BTB»nin aktivləri 361,4 milyon manat olub. Bankın kredit portfeli 239 milyon manat, əsas vəsaitləri 70,2 milyon manat olub. Hesabat dövrünün sonuna bankda nağd vəsaitlər 9,6 milyon manat olub.
İlin əvvəli ilə müqayisədə Bankın kredit portfeli də 12 milyon manat azalıb.
2022-ci ilin 3-cü rübünün sonuna «Bank BTB»nin öhdəlikləri 312 milyon manat təşkil edib. Bunun 149,4 milyon manatı depozit portfeli, 152,5 milyon manatı digər maliyyə institutlarının kreditləridir.
Maraqlı vəziyyət bankın kapitalı ilə bağlı yaranıb. FED.az xəbər verir ki, yaranmış zərər nəticəsində «Bank BTB»nin cəmi kapitalı 49,3 milyon manata, yəni Mərkəzi Bankın müəyyən etdiyi 50 milyon manatlıq həddən bir qədər də aşağı düşüb.