Sentyabrın 10-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış son 4 bank ("AG Bank", "NBC Bank", "Amrah bank" və "Ata bank") üzrə 21 min 934 əmanətçiyə 515 milyon manatadək kompensasiyaların ödənilməsi həyata keçirilib.
Eləcə də bax: Ləğv olunmuş 4 bankın əmanətçilərinə 513 milyon manatadək - Kompensasiya Ödənilib
FED.az ADIF-ə istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 180 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 3804 əmanətçiyə ödənilən məbləğ 70,33 milyon manat olub, "NBC Bank" üzrə isə 3770 əmanətçiyə 109,68 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 10-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrah bank" və "Ata bank"ın əmanətçilərinə 334,82 milyon manatdan çox kompensasiya ödənilib. Hesabat dövründə "Amrah bank" üzrə 5458 əmanətçiyə ödənilən məbləğ 129,67 milyon manat olub, "Ata bank" üzrə isə 8902 əmanətçiyə 205,14 milyon manat kompensasiya ödənilib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata bank” ASC, “Amrah bank” ASC, “NBC Bank” ASC və “AG Bank”ASC-nin lisenziyaları ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə ödhəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata bank” ASC və “Amrah bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata bank” ASC və “Amrah bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonuna kimi formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.