Aşağı inflyasiya və tarazlı valyuta bazarı şəraitində de-dollarlaşma prosesləri davam etmişdir. Fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəlindəki 62.5%-dən 54.1%-ə enmişdir.
FED.az Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir ki, iqtisadiyyatda və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən adekvat istifadə etmişdir.
Eləcə də bax:Azərbaycanda agent bankçılıq və "Ani ödəniş sistemi” - YARADILACAQ
Sentyabrdan başlayaraq 84, 168 və 252 günlük notların yerləşdirilməsi ilə Mərkəzi Bankın sterilizasiya alətlərinin müddət diversifikasiyası gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövr ərzində faizlərin enməsinə baxmayaraq, keçirilən hərraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində irihəcmli struktur profisitinin qaldığını göstərir.
Pul siyasətinin effektiv kommunikasiyası cari ildə də diqqətdə saxlanmışdır. 2019-cu il üzrə Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə dair qərarlarının yayımlanması qrafiki öncədən ictimaiyyətə açıqlanmışdır. Bu qrafikə uyğun olaraq Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmalı rüblük əsasda ictimaiyyətə açıqlanmış, Mərkəzi Bankın fəaliyyəti internet səhifəsi vasitəsilə işıqlandırılmışdır. Mərkəzi Bankın "Twitter” və "Youtube” sosial şəbəkələrində rəsmi səhifələri istifadəyə verilmiş, interaktiv rejimdə idarə olunan bu müasir platformalarda onun əsas fəaliyyət istiqamətləri üzrə operativ məlumatların yayımlanması ilə kommunikasiya aktivləşdirilmişdir. İnformasiya açıqlığının artırılması aparılan siyasətin anlaşıqlığının və Mərkəzi Banka etimadın yüksəldilməsi məqsədi daşıyır.