FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Bəyanatda deyilir:
Eləcə də bax: Sosial xərclər və kreditlər hesabına əhalinin - TƏLƏBATI YÜKSƏLİB
2019-cu ildə Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfi milli iqtisadiyyatda qiymətlər sabitliyinin təmin edilməsi olmuşdur. Aşağı və stabil inflyasiya əhalinin həyat səviyyəsinin qorunması, işgüzar fəaliyyət üçün əlverişli mühitin formalaşdırılması, əhali və biznesin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması və milli valyutaya etibarın başlıca şərtlərindəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar sayəsində 2019-cu ildə Azərbaycanda iqtisadi aktivlik üzrə müsbət dinamika qorunmuş, profisitli tədiyə balansı strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır.
İnflyasiya səviyyəsinin 2019-cu il üçün qəbul edilmiş hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaratmaqla iqtisadi fəallığa mühüm dəstək vermişdir.
Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında Mərkəzi Bankın həyata keçirdiyi aktiv pul-kredit və məzənnə siyasəti həlledici rol oynamışdır. Bir sıra mühüm daxili və xarici inflyasiya amillərinin neytrallaşdırılmasına, eyni zamanda iqtisadi aktivliyə və məşğulluğa dəstək vermək məqsədi ilə monetar şəraitin ardıcıl olaraq normallaşdırılması artım və stabillik istiqamətlərində balanslı nəticələr əldə etməyə imkan vermişdir.
2020-ci ildə də Mərkəzi Bankın həyata keçirəcəyi monetar siyasət qiymətlər sabitliyi istiqamətində əldə edilən nəticələrin möhkəmlənməsinə və inflyasiyanın aşağı birrəqəmli səviyyədə lövbərləşməsinə yönəldiləcəkdir. Bu zaman Mərkəzi Bank iqtisadi dinamikaya və xüsusilə qiymətlər sabitliyinə təsir edən başlıca xarici və daxili amilləri diqqət mərkəzində saxlayacaqdır. Dünya ərzaq qiymətlərinin artımı, enerji daşıyıcılarının qiymət dinamikası, kredit aktivliyinin, xüsusilə istehlak kreditlərinin artım sürəti, büdcə siyasəti və fiskal kəsirin maliyyələşmə mənbələrinin qiymət sabitliyinə təsir kanalları və digər amillər həyata keçiriləcək monetar siyasətdə nəzərə alınacaqdır.
Mərkəzi Bank 2020-ci ildən ölkədə maliyyə sabitliyinin gücləndirilməsi, maliyyə sektorunun inkişafı və real sektorun maliyyəyə çıxış imkanlarının artırılması istiqamətlərində kompleks tədbirlər görəcəkdir. Makroprudensial alətlərin tətbiqi ilə maliyyə sektoru sistem risklərdən qorunacaq, ən qabaqcıl təcrübəyə əsaslanan nəzarət çərçivəsi tətbiq olunacaqdır. Maliyyə sektorunun sabitliyi və inkişafı iqtisadi artım ilə yanaşı pul siyasətinin ötürücülüyünə də müsbət təsir edəcəkdir.
Monetar siyasətin mühüm aləti olan kommunikasiya siyasətinin forma və metodları daha da təkmilləşdiriləcək və inflyasiya gözləntilərinin formalaşdırılmasında onun rolu gücləndiriləcəkdir.
Eyni zamanda, ölkədə həm iqtisadi artımın sürətlənməsi, həm də makroiqtisadi sabitliyin, o cümlədən qiymətlər sabitliyinin təmin edilməsinin başlıca amilləri müxtəlif iqtisadi siyasət istiqamətlərinin sıx koordinasiyasından, mühüm struktur-institusional islahatların həyata keçirilməsindən asılı olacaqdır.
I. 2019-CU İLDƏ PUL SİYASƏTİ
1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti
2019-cu ildə mürəkkəb qlobal iqtisadi mühitdə Azərbaycanın xarici və daxili balansında müsbət meyillər davam etmişdir. Tədiyə balansı profisitli olmuş, məcmu tələbin canlanması iqtisadi artıma müsbət təsir göstərmişdir.
Qlobal iqtisadi aktivlikdə 2018-ci ilin II rübündən başlayan zəifləmə 2019-cu ildə də davam etmişdir. Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Kəskinləşməkdə olan ticari və geosiyasi gərginliklər biznes inamına, qlobal ticarətə və sənaye istehsalına mənfi təsir etməkdədir. Qeyri-müəyyənliklərin artması şəraitində iqtisadi aktivliyin səngiməsi inkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələr (İEOÖ) üzrə sinxron gedir.
Cari il ərzində BVF 2019-cu il üzrə qlobal iqtisadi artım proqnozunu 4 dəfə azalma istiqamətində təshih edərək ümumilikdə 0.5 faiz bəndi azaltmış və 3%-ə endirmişdir. O cümlədən İEÖ üzrə iqtisadi artım proqnozu 0.3 faiz bəndi azaldılaraq 1.7%-ə, İEOÖ üzrə isə 0.6 faiz bəndi azaldılaraq 3.9%-ə endirilmişdir. İEÖ-də yavaşlama ABŞ-Çin ticarət gərginlikləri, "Breksit”lə bağlı qeyri-müəyyənliklər və bəzi sənaye sahələrində durğunluqdan qaynaqlanmışdır. Mərkəzi banklar tərəfindən faizlərin azaldılması siyasəti iqtisadi aktivliyin azalmasına müəyyən qədər məhdudlaşdırıcı təsir göstərmişdir. Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta iqtisadi artımın isə cari ildə 1.3% olacağı gözlənilir.
İqtisadi aktivliyin aşağı səviyyəsi özünü qlobal ticarət və investisiyalarda da göstərməkdədir. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) oktyabr hesabatına əsasən 2019-cu ilin sonuna qlobal ticarət həcminin artımının cəmi 1.2% olması proqnozlaşdırılır ki, bu da aprel proqnozundan 1.4 faiz bəndi azdır.
2019-cu ilin ötən dövründə qlobal əmtəə bazarlarında Azərbaycan üçün strateji əhəmiyyət daşıyan əmtəələr üzrə qiymətlər əsasən artım meyilli olmuşdur. Dünya ərzaq qiymətləri cari ilin noyabrında ötən ilin müvafiq ayına nəzərən 9.5% yüksəlmişdir. Dünya bazarında Brent markalı neft 2019-cu ilin ötən dövründə 28% bahalaşmış, hər barel üçün orta qiymət 64.2 ABŞ dolları səviyyəsində olmuşdur. Qlobal tələbin zəif artımı (əsasən İEOÖ-də), neftin hasilatında və enerji daşıyıcılarının istifadəsində texnoloji yeniliklər neft qiymətini azaldan amillərdir. OPEK və qeyri-OPEK üzvləri tərəfindən neft istehsalının azaldılması ilə bağlı razılığın müddətinin uzadılması və bəzi iri neft istehsalçılarına qarşı sanksiyalar isə neft qiymətlərinə artırıcı təsir göstərir.
Ümumilikdə, qlobal konyunktur Azərbaycan üçün əlverişli olmuş, neftin orta qiyməti ötən illə müqayisədə azalsa da tədiyə balansında müsbət meyillər qorunmuşdur.
2019-cu ildə Azərbaycanın tədiyə balansında cari əməliyyatlar hesabı profisitli olmuşdur (9 ayda 4 mlrd. dollar və ya ÜDM-in 11.6%-i). Tədiyə balansının profisiti başlıca olaraq xarici ticarət balansının müsbət saldosundan qaynaqlanmışdır. Yanvar-noyabr aylarında xarici ticarət balansının profisiti 5.9 mlrd. dollar təşkil etmişdir. Qeyri-neft ixracı 16.3% artmaqla monetar qızıl çıxılmaqla qeyri-neft idxalının artım tempini (7.1%) üstələmişdir. Xidmətlər, ilkin və təkrar gəlirlər balansında da müsbət meyillər davam etməkdədir. Turizm xidmətləri balansı cari ildə də profisitli olaraq qalmışdır.
2019-ci ilin 9 ayında kapital və maliyyə hesabının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2 dəfə azalaraq 344 mln. dollar olmuşdur. Kəsirin kiçilməsi başlıca olaraq ticarət kreditləri və avans ödənişlərinin azalması ilə bağlı olmuşdur.
Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13.7% artaraq 50.9 mlrd. dollara çatmışdır ki, bu da Ümumi Daxili Məhsulu üstələyir. Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötmüşdür. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6.2 mlrd.dolları üstələmişdir.
Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir.
İqtisadi aktivlikdə pozitiv dinamika cari 2019-cu ildə qorunmuşdur. 11 ayda ÜDM real olaraq 2.1% artmışdır. Qeyri-neft sektorunda artım 3.5% olmaqla əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 14.8%, kənd təsərrüfatında 7.1% artım olmuşdur.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi də iqtisadi aktivliyin artdığını təsdiqləyir. 2019-cu ilin noyabrında qeyri-neft sənayesi, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi həm ilin əvvəlinə, həm də ötən ilin müvafiq dövrünə nəzərən yaxşılaşmışdır. İstehsal güclərinin yüklənmə səviyyəsi potensialdan aşağı olsa da son bir neçə rübdə artan dinamikadadır ki, bu da əsasən iri müəssisələr hesabınadır.
İqtisadi artım xarici tələb və daxili tələbin istehlak komponenti ilə dəstəklənmişdir. İstehlakın səviyyəsi əhalinin pul gəlirləri və kredit qoyuluşlarının dinamikasının təsiri altında formalaşmışdır. Cari ildə bir neçə mərhələdə həyata keçirilən sosial islahat paketlərinin də təsiri ilə 11 ayda əhalinin nominal gəlirləri 7.4% artmışdır ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir. Bu şəraitdə istehlakçı inamı göstəricilərinin yaxşılaşması qeydə alınmışdır. Daxili tələbin digər komponenti olan investisiyaların həcmi cari ilin 11 ayında 12.8 mlrd. manat olmuş, qeyri-neft sektoruna investisiyalar 3.5% artmışdır.
Büdcə xərcləri cari ildə də daxili tələbin mühüm amillərdən biri olmuşdur. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrünə nəzərən 2.6%, o cümlədən, cari xərclər 12.5% artmışdır.
1.2. Pul siyasəti və onun nəticələri
2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiya səviyyəsinin elan edilmiş dəhlizdə saxlanması, təşkil etmişdir. İl ərzində Azərbaycanda inflyasiya hədəf diapozonunda qorunmaqla MDB məkanı və tərəfdaş ölkələr arasında ən aşağı göstəricilərdən olmuşdur. Monetar şəraitin neytral səviyyəyə yaxınlaşdırılması istiqamətində 2018-ci ildən başlanan siyasət davam etdirilmişdir.
Rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən də aşağıda olmaqla 2.6% təşkil etmişdir. Son bir ildə istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməmiş, 15.4%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 46.4%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.
İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artmışdır. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Digər tərəfdən mövsümi amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.
Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.
Ümumilikdə, inflyasiyaya istehlakın canlanması və dünya bazarında ərzaq qiymətlərinin bahalaşması artırıcı, məzənnə sabitliyi, monetar şərait, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri isə stabilləşdirici təsir göstərmişdir.
Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 2019-cu ilin 11 ayında 2.4% təşkil etmişdir.
2019-cu ildə də inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini minimum səviyyədə saxlamışdır. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən ev təsərrüfatlarının növbəti 12 ay üçün inflyasiya gözləntiləri aşağı və stabildir. Qeyri-neft emal sənayesi və xidmət sektoru üzrə də 3 aylıq inflyasiya gözləntiləri faktiki inflyasiyaya yaxın səviyyədədir.
Cari ildə milli valyutamızın məzənnəsi ölkədə makro-iqtisadi və maliyyə sabitliyinin başlıca lövbəri kimi çıxış etməklə nəinki regionda, hətta inkişaf etməkdə olan ölkələrin valyuta qrupunda özünü dayanıqlı valyutalardan biri kimi göstərmişdir.
2019-cu ildə daxili valyuta balansında təklif tələbi üstələmiş, manatın məzənnəsi bahalaşma təzyiqləri altında olmuşdur. Valyuta təklifi əsasən tədiyə balansının profisiti, fiskal məqsədlər üçün istifadə olunan neft gəlirləri və de-dollarizasiya meyilləri ilə dəstəklənmişdir.
2019-cu ildə banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşmışdır. Rəsmi məzənnə isə banklararası bazarda orta çəkili məzənnə əsasında müəyyən edilir. Banklararası bazarda valyuta əməliyyatlarının həcmi 15% artmışdır.
Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2019-cu ilin 11 ayında 2% ucuzlaşmışdır. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərməklə rəqabət qabiliyyətini dəstəkləmişdir. 2014-cü ilin sonundan bəri manatın real effektiv məzənnəsi 33%-dən çox ucuzlaşmışdır.
Əldə olunmuş makroiqtisadi sabitlik, inflyasiyanın bir sıra daxili və xarici amillərinin neytrallaşmasını nəzərə alaraq monetar şəraitin həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artırılması istiqamətində yumşaldılması həyata keçirilmişdir.
Mərkəzi Bankda 2019-cu ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş və uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə endirilməsi barədə qərar qəbul edilmişdir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri uçot dərəcəsi 2 dəfə azaldılmışdır.
Pul təklifinin genişlənməsi də monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynamışdır. Manatla pul bazası ilin əvvəlindən 23%-ə qədər artmışdır. Manatla geniş pul kütləsinin (M2 pul aqreqatı) artımı isə 11 ayda 13.8% təşkil etmişdir.
Monetar şəraitin yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir. Ümumilikdə, 2018-ci ilin əvvəlindən bəri manatla cəlb edilmiş yeni əmanətlər üzrə orta faizlər 2.9 faiz bəndi, manatla yeni kreditlər üzrə orta faizlər isə 3.4 faiz bəndi azalmışdır. Dövlət qiymətli kağızları bazarında faizlər də Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel dəyişir.
Aşağı inflyasiya və tarazlı valyuta bazarı şəraitində de-dollarlaşma prosesləri davam etmişdir. Fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəlindəki 62.5%-dən 54.1%-ə enmişdir.
İqtisadiyyatda və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən adekvat istifadə etmişdir. Sentyabrdan başlayaraq 84, 168 və 252 günlük notların yerləşdirilməsi ilə Mərkəzi Bankın sterilizasiya alətlərinin müddət diversifikasiyası gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövr ərzində faizlərin enməsinə baxmayaraq, keçirilən hərraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində irihəcmli struktur profisitinin qaldığını göstərir.
Pul siyasətinin effektiv kommunikasiyası cari ildə də diqqətdə saxlanmışdır. 2019-cu il üzrə Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə dair qərarlarının yayımlanması qrafiki öncədən ictimaiyyətə açıqlanmışdır. Bu qrafikə uyğun olaraq Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmalı rüblük əsasda ictimaiyyətə açıqlanmış, Mərkəzi Bankın fəaliyyəti internet səhifəsi vasitəsilə işıqlandırılmışdır. Mərkəzi Bankın "Twitter” və "Youtube” sosial şəbəkələrində rəsmi səhifələri istifadəyə verilmiş, interaktiv rejimdə idarə olunan bu müasir platformalarda onun əsas fəaliyyət istiqamətləri üzrə operativ məlumatların yayımlanması ilə kommunikasiya aktivləşdirilmişdir. İnformasiya açıqlığının artırılması aparılan siyasətin anlaşıqlığının və Mərkəzi Banka etimadın yüksəldilməsi məqsədi daşıyır.
1.3. Maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı
2019-cu ildə maliyyə sabitliyinin qorunması siyasəti bankları, qeyri-bank kredit təşkilatlarını, kapital və pul bazarlarını, sığorta sistemini əhatə etmişdir. Maliyyə sektoru üzrə sistem riskləri balansında bir sıra kövrəkliklər qalsa da, maliyyə sabitliyi qorunmuş və kredit aktivliyinin bərpa olunması davam etmişdir.
2019-cu ildə bank sektorunun restrukturizasiyası çərçivəsində bir neçə bank üzrə kapital inyeksiyası həyata keçirilmiş, prudensial normativlərdə risklərin tənzimlənməsi sisteminin effektivliyinin artırılmasına yönəldilmiş dəyişikliklər edilmişdir. Bütövlükdə, maliyyə sektorunda restrukturizasiya prosesləri hələ ki, tamamlanmamışdır.
Ölkə başçısının 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 602 min vətəndaş kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaş isə kreditlərinin restrukturizasiyasına aid edilmişdir. Artıq vətəndaşlara 644.5 mln. manat kompensasiya ödənilmişdir. Son tarixə 123.1 min borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 ilə) restrukturizasiya edilmişdir. Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olmuş, 42 min borcalanın kreditləri tam bağlanmışdır. Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalmışdır. Bununla belə problemli kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən biridir.
Dövrün sonuna maliyyə sabitliyi göstəricilərindən olan kapital adekvatlığı 22.6%, likvid aktivlərin cəmi depozitlərə nisbəti 40% olmuşdur.
Ölkədə maliyyə savadlılığının artırılması istiqamətində ardıcıl işlər müxtəlif hədəf qruplarını və regionları əhatə etməklə davam etdirilmişdir. Cari ildə maliyyə xidmətlərindən istifadəni stimullaşdıran Məlumat Axtarış Sistemi yaradılmışdır.
İlin əvvəlindən kredit qoyuluşları 16.1% artmışdır ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlmişdir. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatmışdır.
Bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 mlrd. manata çatmışdır. Əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanmaması əmanətlərin sığortalanması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olmuşdir.
Hesabat dövründə maliyyə bazarının inkişaf tədbirləri qiymətli kağızlarla klirinq və hesablaşmaların təkmilləşdirilməsi, xarici investorların cəlbi, sekyuritizasiya vasitəsilə yeni maliyyə alətlərinin buraxılışının təşviqi, habelə tarif rejiminin optimallaşdırılması kimi istiqamətləri əhatə etmişdir. 2019-cu ilin 11 ayında dövlət qiymətli kağızlarının təkrar bazarında ticarət həcmi 4 dəfə, korporativ qiymətli kağızların təkrar bazarında 38% və repo əməliyyatlarında 81% artım qeydə alınmışdır.
2019-cu ildə sığorta sektorunun inkişafı, sahəyə nəzarətin təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması üzrə işlər görülmüşdür. İlin əvvəlindən sektorun aktivləri 13.5% artmışdır. Sığorta ödənişlərinin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.6% artım qeydə alınmışdır.
1.4. Ödəniş sistemləri
Ödəniş sistemlərinin sabit, fasiləsiz, təhlükəsiz fəaliyyəti və inkişafı 2019-cu ildə də Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olmuşdur.
Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 2019-cu ilin 11 ayında həyata keçirilən ödənişlərin sayı 41% artmış, ödənişlərin həcmi ÜDM-in 3.3 mislini təşkil etmişdir.
Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılmış "Hökumət Ödəniş Portalı”nın (HÖP) imkanlarının genişləndirilməsi davam etdirilmişdir. Hazırda bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 106 məhkəmə orqanı, 18 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunmuşdur. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 550-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 30 bank və "Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər. Cari ildə portalda emal olunan əməliyyatların sayı 24%, həcmi isə 27% artmışdır.
Hesabat dövründə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə 24/7/365 rejimli "Ani ödənişlər sistemi”nin yaradılması, ISO20022 standartlarının tətbiqi, rəqəmsal identifikasiya sisteminin Blokçeyn platformasında qurulması layihələri üzrə işlər davam etdirilmişdir. Proqram çərçivəsində Təhsil Nazirliyi ilə birgə ölkədə ilk dəfə gənc nəslin maliyyə davranışlarını radikal dəyişdirməyə imkan verəcək və özündə həm tələbə bileti, həm də ödəniş funksiyalarını birləşdirən "Azərbaycan Tələbə Kartı”nın verilməsinə başlanılmışdır. Nəqliyyat sektorunda rəqəmsal ödənişlərin tətbiqi imkanları təhlil edilərək müvafiq qurumlara təkliflər ünvanlanmışdır. Rəqəmsal ödənişlərə marağın artırılması üçün lotereya və çoxsaylı maarifləndirici kampaniyalar təşkil edilmişdir.
Müasir innovativ ödəniş həllərinin inkişafına hüquqi zəmin yaratmaq üçün 2019-cu ildə banklar tərəfindən məsafədən bank hesablarının açılması, təmassız texnologiyalara əsaslanan mobil ödənişlər üzrə qanunvericiliyə dəyişikliklər hazırlanaraq təsdiq edilmişdir.
Kart infrastrukturunun da inkişafı davam etmişdir. Ölkədə ödəniş kartlarının sayı 7.5 mln. ədədə, bankomatların sayı 2.6 min ədədə, POS-terminalların sayı 65.2 min ədədə çatmışdır. Ödəniş kartlarının 18.1%-i təmassız kartlardır. Ötən illə müqayisədə bankomatların sayı 2.2%, təmassız POS-terminallar 35% artmışdır. Ödəniş kartları ilə bütün vasitələrlə aparılan nağdsız ödənişlərin həcmi 57%, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 93% artmışdır. Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son beş ildə 8%-dən hal-hazırda 20%-ə kimi yüksəlmişdir.
Ödəniş sistemlərinə effektiv nəzarət də 2019-cu ildə diqqətdə saxlanılmışdır. Normativ-hüquqi bazaya məsafədən bank hesablarının açılması proseduru müəyyən edən dəyişikliklər edilmişdir. İşğal olunmuş ərazilərdə beynəlxalq kart təşkilatlarının və pul köçürmə sistemi operatorlarının fəaliyyətinin mütəmadi monitorinqi üzrə müvafiq tədbirlər görülmüşdür. Ödəniş ekosistemində tətbiq edilən məhsul və xidmətlərin təhlili aparılmışdır. Rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və baş verə biləcək risklərin qarşısının alınması istiqamətində, habelə "Baza bank xidmətləri paketi” layihəsi üzrə bank sektoru ilə aktiv dialoq təşkil olunmuşdur.
II. 2020-Cİ İL VƏ ORTAMÜDDƏTLİ DÖVRƏ PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ
2020-ci il və ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid baxımından mühüm strateji horizont hesab olunur. Bu dövrdə də qiymətlər sabitliyi və maliyyə sektorunun stabilliyinin qorunması, habelə maliyyə sektorunun inkişafı makroiqtisadi və makroprudensial siyasətlərin mühüm prioritetlərindən olacaqdır.
Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə iqtisadi artım və sosial rifahın yaxşılaşması üçün münbit şəraitin yaradılmasına dəstək verəcəkdir.
Pul siyasəti dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaqdır. Pul siyasəti bundan sonra da işgüzar mühitin, sosial stabilliyin və rəqabət qabiliyyətinin mühüm elementi olan qiymət sabitliyinə fokuslaşacaqdır. İnflyasiyaya təsir imkanlarını genişləndirmək üçün pul siyasəti rejiminin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.
Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər gücləndiriləcəkdir.
2.1. Makroiqtisadi proqnozlar
Mərkəzi Bank özünün pul siyasətini növbəti il və ortamüddətli dövrdə də qlobal və daxili iqtisadi meyillər üzrə makro-proqnozları nəzərə almaqla həyata keçirəcəkdir.
Qlobal iqtisadiyyatda 2020-ci il və ortamüddətli dövrdə artımın müəyyən zəifləmə ilə davam edəcəyi gözlənilir. BVF-nin cari ilin oktyabrında açıqladığı proqnozlara görə, 2020-ci ildə qlobal iqtisadi artım 3.4% olacaqdır ki, bu da ilin əvvəlindəki proqnozdan 0.2 faiz bəndi azdır. 2020-ci ildə də beynəlxalq ticarətə məhdudiyyətlərin və geosiyasi vəziyyətin iqtisadi aktivliyə təsir edəcək əsas faktorlardan biri kimi qalacağı gözlənilir. İEÖ üzrə 1.7%, İEOÖ üzrə 4.6% iqtisadi artım proqnozlaşdırılır. İEOÖ üzrə iqtisadi artım proqnozu ilin əvvəli ilə müqayisədə 0.3 faiz bəndi azaldılmışdır.
İqtisadi aktivliyi dəstəkləmək üçün növbəti ildə də aparıcı ölkələrdə pul siyasətinin stimullaşdırıcı imkanlarından istifadə ediləcəyi gözlənilir. ABŞ daxil olmaqla dünyanın başlıca güc mərkəzlərində mərkəzi bankların faizləri azaltma ehtimalı yüksəkdir.
Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın nisbətən sürətlənərək 2.4% təşkil edəcəyi gözlənilir. Mövcud qeyri-müəyyənliklər şəraitində tərəfdaş ölkələrin maliyyə bazarlarında yeni kəskin dəyişkənliklər dalğası istisna olunmur.
Qlobal əmtəə bazarlarında qiymətlərin fərqli dinamikaya malik olacağı proqnozlaşdırılır. BVF-nin son proqnozlarına əsasən 2020-ci ildə neftin qiyməti 57.91 ABŞ dolları təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə aşağıdır. Neft məhsullarına tələbdə azalma gözləntiləri onu deməyə imkan verir ki, orta və uzunmüddətli dövrdə neftin qiymətinin pik illərində müşahidə olunan səviyyəyə yüksəlməsi ehtimalı yüksək deyil. Bununla belə bəzi neft ixracatçılarına qarşı sanksiyalar və OPEK+ tərəfindən hasilatın tənzimlənməsi siyasəti neft qiymətlərinə növbəti ildə də artırıcı təsir edəcəkdir. Dünya Bankının proqnozlarına görə 2020-ci ildə qiymətlərin metal üzrə 5.6%, kənd təsərrüfatı məhsulları üzrə isə 0.6% artacağı gözlənilir.
ÜTT-nin proqnozuna görə, 2020-ci ildə qlobal ticarətin artım tempi 2.7% təşkil edəcəkdir ki, bu da daha öncəki proqnoz göstəricidən 0.3 faiz bəndi azdır.
Baza ssenari üzrə proqnozlar Azərbaycanda xarici və daxili balans üzrə əldə edilmiş müsbət meyillərin qorunacağını göstərir.
2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası, ticarət tərəfdaşlarında gedən proseslər, habelə idxaldan asılılığın azaldılması və ixrac potensialının artması Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaqdır. Neftin müxtəlif qiymət ssenarisi üzrə aparılmış simulyasiyalar 2020-ci ildə neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinin reallaşması halında cari əməliyyatlar hesabının profisitli olacağını göstərir. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də cari əməliyyatlar balansının profisiti əsasən xarici ticarət balansı hesabına formalaşacaqdır. Qeyri-neft ticarət balansı ilə yanaşı, xidmət və ilkin gəlirlər balansında da müsbət meyillərin qalacağı proqnozlaşdırılır.
İqtisadi artım tempinin 2019-cu illə müqayisədə yüksələcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2020-ci ildə real iqtisadi artım tempinin 3%, o cümlədən qeyri-neft sektoru üzrə 3.8% olacağı gözlənilir. Makroiqtisadi sabitliyin qorunması və davam edən köklü institusional islahatlarla ölkə iqtisadiyyatında baş verən struktur transformasiyaları 2020-ci ildə də iqtisadi artımın sürətinə və inklüzivliyinə təsir göstərən amillərdən biri olacaqdır. Həyata keçirilən islahatlar iqtisadi potensialın əsas amilləri olan əmək və kapitalın məhsuldarlığının artmasını, habelə yeni texnologiyaların tətbiqini stimullaşdırmalıdır.
2020-ci ildə də dövlət tələbi iqtisadi artımın mühüm amillərindən biri olaraq qalacaqdır. Büdcədə neftin qiymətinin ötən illə müqayisədə daha konservativ (55 dollar) götürülməsi perspektiv üçün fiskal dayanıqlığı dəstəkləyən amildir. 2020-ci il üzrə dövlət büdcəsinin hazırlanması zamanı fiskal qaydaya edilmiş yeniliklər iqtisadi artıma fiskal stimulların gücləndirilməsi məqsədini daşıyır. Növbəti ildə dövlət büdcəsi xərclərinin 2019-cu ilə nəzərən 6.8%, o cümlədən cari xərclərin 39.3% artacağı proqnozlaşdırılır. İl ərzində ötən illə müqayisədə əhəmiyyətli artan büdcə kəsirini maliyyələşdirmək üçün daxili borclanmadan daha çox istifadə edilməsi həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edərdi.
Hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4.6% olacaqdır ki, bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir.
Ümumilikdə, 2020-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaqdır.
2.2. 2020-ci ilə pul siyasəti çərçivəsi
2020-ci il və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır. Qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcəkdir. İnformasiya açıqlığı növbəti ildə də pul siyasətinin mühüm prinsiplərindən biri olacaqdır.
Qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərin və yığımlarının dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gəlirli əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur.
2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması təşkil edəcəkdir. Hədəf istehlak qiymətləri indeksinin illik, yəni son 12 ayda dəyişimi üzrə müəyyən edilmişdir. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaqdır.
Manatın məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır. Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.
Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaqdır. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaqdır ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaqdır. Xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşıdakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcəkdir.
Mərkəzi Bank tələb-təklif nisbətini hamarlamaq üçün valyuta bazarına müdaxilə hüququnu özündə saxlayır. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meyilləri nəzərə alacaqdır. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcəkdir. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətlə mütəmadi paylaşılacaqdır.
Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bank sisteminin pul yaratmaq qabiliyyətinin artırılması və ödənişlərin fasiləsizliyi də diqqətdə saxlanacaqdır.
Pul siyasətinin son məqsədinə çatmaq üçün Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrindən aktiv istifadə edəcəkdir. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi durum və risklər balansında baş verən dəyişikliklər, model qiymətləndirmələri əsasında işlənmiş proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. 2020-ci ildə də pul siyasətinə həsr olunan məsələlər 8 dəfə olmaqla müntəzəm müzakirə ediləcəkdir. Pul siyasəti qərarlarının qəbulunda Mərkəzi Bankda mövcud model çantası və proqnozlaşdırma aparatından istifadə ediləcəkdir. Proqnozlar müxtəlif ssenarilərdə olmaqla qlobal mühitdə vəziyyət, real sektorda proseslər, büdcə-vergi və iqtisadi siyasətin digər istiqamətləri üzrə qərarların mümkün təsirləri haqqında məlumatlar əsasında tərtib ediləcəkdir. Faiz dəhlizinin parametrləri tənzimlənərkən pul siyasətinin transmissiyası, inflyasiya hədəfinə nail olma perspektivləri ilə yanaşı, milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasyon artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaqdır. Mərkəzi Bankda mövcud olan müxtəlif daxili kollegial orqanlar pul siyasəti qərarlarını maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı siyasəti üzrə qərarlarla effektiv əlaqələndirməyə imkan verəcəkdir.
Uçot dərəcəsinin trayektoriyasının inflyasiya hədəfi nəzərə alınmaqla müəyyənləşdirilməsi və vaxtında adekvat pul siyasəti qərarlarının qəbulu inflyasiyanın hədəfdən yayınma ehtimalını minimallaşdırmağa imkan verməlidir. Daxili və xarici risklərin reallaşmaması, bazarda gözlənilməz dəyişikliklərin baş verməməsi şəraitində 2020-ci ildə neytral faiz siyasəti ilə inflyasiya fonu üzərində nəzarəti itirmədən tam məşğulluğa və iqtisadi artıma maksimum dəstək həyata keçiriləcəkdir. İnflyasiya risklərinin aktivləşməsi halında isə faiz siyasətinin sərtləşmə istiqamətində dəyişməsi də mümkündür. Ümumiyyətlə, pul siyasətinin istər pulun dəyəri, istərsə də pulun kəmiyyəti hesabına izafi yumşaldılması masştablı neqativ nəticələrə gətirib çıxara bilər. Məcmu tələbin artım tempinin iqtisadiyyatın istehsalı genişləndirmək imkanlarının artımını qabaqlaması inflyasiyaya yol aça bilər. Bunu nəzərə alaraq Mərkəzi Bank inflyasiya risklərinin qiymətləndirilməsi və qərarların qəbulu zamanı konservativ mövqedən çıxış edəcəkdir.
İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən operativ istifadə edəcək. Bu alətlər üzrə kəmiyyət parametrləri aralıq hədəflərə nail olunması vəziyyətindən asılı olaraq çevik dəyişdiriləcəkdir.
Mərkəzi Bankın çərçivə və açıq bazar əməliyyatları növbəti ildə də banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaradacaqdır. Mərkəzi Bank pul siyasəti alətləri ilə həm də pul bazarının aktivləşməsinə və gəlirlilik əyrisinin formalaşmasına dəstək verəcəkdir. Maliyyə bazarının dərinləşməsində və pul siyasətinin transmissiya mexanizminin effektivliyinin yüksəldilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank 2020-ci ildə də özünün emissiya etdiyi müxtəlif müddətli notlardan aktiv istifadə edəcəkdir. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Ümumilikdə, alət arsenalının optimallaşdırılması və pul siyasətinin transmissiya effektinin artırılması üçün səylər gücləndiriləcək, bazar faizlərinə təsir imkanlarının artırılması üçün tədbirlər görüləcəkdir. Qısamüddətli alətlər banklararası pul bazarında qısamüddətli faizlərin faiz dəhlizi daxilində formalaşmasını dəstəkləyəcəkdir. Uzunmüddətli alətlər isə bank sektorunda struktur likvidliyinin tənzimlənməsinə imkan verməlidir. Qısamüddətli faiz dərəcələrinin uzunmüddətli faizlərə təsirinin artırılması yollarının araşdırılması da davam etdiriləcəkdir. Monetar alətlərlə həmçinin iqtisadiyyatda vəsaitlərin axınının optimallaşdırılması və pula tələbin dəyişməsinə qarşı likvidliyin yetərli çevikliyə sahib olması hədəflənəcəkdir.
Mərkəzi Bank şəffaflığın yüksəldilməsi və pul siyasətinin effektiv kommunikasiyasını növbəti ildə də xüsusi diqqətdə saxlayacaqdır. İnformasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektivləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların verilməsi təmin olunacaqdır.
Mərkəzi Bankın qərar və niyyətlərini aydın kommunikasiya etməsi inflyasiya gözləntilərini idarə etmək üçün təsirli alətdir. İnflyasiya gözləntiləri həm cari inflyasiyanın dinamikasına, həm də iqtisadiyyatdakı faiz dərəcələrinə təsir göstərir. Aşağı inflyasiya gözləntiləri iqtisadiyyatın daxili və xarici risklərə qarşı davamlılığını artırır, iqtisadi artım və sosial rifah məqsədlərinə çatmaq üçün əlverişli şərait yaradır. Mərkəzi Bank özünün kommunikasiyası ilə ev təsərrüfatları və müəssisələrin inflyasiya gözləntilərini stabilləşdirməyə və inflyasiya hədəfinə uyğunlaşdırmağa çalışacaqdır.
2020-ci ildə də öncədən açıqlanmış qrafiklə pul siyasəti qərarları müvafiq şərhlərlə birlikdə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək, müntəzəm (ildə 4 dəfə) mətbuat konfransları keçiriləcəkdir (Əlavə 1). Mərkəzi Bankın qərarlarının səbəbləri və atılan addımlar barədə ətraflı məlumat bazar iştirakçılarına qərar qəbul edildikdən dərhal sonra veriləcəkdir. Kommunikasiya kanalları dairəsinin genişləndirilməsi diqqətdə saxlanılacaqdır.
2020-ci ildə bir sıra qlobal və ölkə üçün spesifik risklər inflyasiya hədəfinə nail olmağa təsir göstərə bilər.
Qlobal risklər ilk növbədə dünya iqtisadiyyatının gözlənildiyindən aşağı templə artması, proteksionizm meyillərinin davam etməsi və geosiyasi gərginliklər şəraitində neftin mümkün qiymət dəyişkənliyi ilə bağlıdır. Belə ki, dünyada iqtisadi siyasətin qeyri-müəyyənliyi indeksi özünün rekord səviyyəsinə çatmışdır. Həmçinin uzunmüddətli qiymətli kağızların gəlirliyinin qısamüddətli kağızlardan aşağı düşməsi və İEÖ-də maliyyə sistemində təhlükələrin artması ortamüddətli dövr üçün böhran gözləntilərini artırmışdır. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi, ticarət tərəfdaşlarında inflyasiya və valyuta məzənnələrindəki dəyişkənliklər nəticəsində potensial inflyasiya idxalıdır.
Daxili risk faktorlarına isə fiskal aktivlik və fiskal kəsir nəticəsində pul kütləsinin artması, istehlak kreditlərinin inflyasyon genişlənməsi, habelə gözləntilərin assimmetrikliyi aiddir.
Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəf diapozonu çərçivəsində saxlanılması əhəmiyyətli dərəcədə müxtəlif iqtisadi siyasət istiqamətlərinə yanaşmalardan asılı olacaqdır. Qeyri-müəyyənliklərin artdığı bir şəraitdə yalnız iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiya xarici şokların neqativ təsirlərinin minimallaşdırılmasına, o cümlədən, valyuta bazarında tarazlığın qorunmasına imkan verə bilər. Fiskal siyasətdə pro-tsiklliyə yol verilməməsi və fiskal qaydaların adekvat tətbiqi daxili risk amillərinin effektiv idarə edilməsi və beləliklə qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.
2.3. Ortamüddətli dövrə pul siyasəti çərçivəsi
Mərkəzi Bank pul siyasəti rejiminin təkmilləşdirilməsi ilə inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2020-ci ildə də davam etdirəcəkdir.
Pul siyasəti strategiyasının təkmilləşdirilməsi çərçivəsində Mərkəzi Bank Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçid şərtlərinin reallaşdırılması istiqamətində işlərini davam etdirəcəkdir.
Pul bazarının aktivləşməsi istiqamətində tədbirlər perspektivdə banklararası bazarda qısamüddətli faizlərin pul siyasətinin alternativ lövbərinə çevrilməsinə imkan verməlidir. Bu isə Mərkəzi Banka imkan verəcək ki, o öz inflasiya hədəfinə əsasən siyasət faiz dərəcəsini dəyişərək nail olsun. Mərkəzi Bank banklararası bazarda qısamüddətli faiz dərəcələrinin faiz dəhlizinə sinxron hərəkətinin təmin edilməsi üçün aktiv fəaliyyətini davam etdirəcəkdir. Mərkəzi Bank tərəfindən faiz əsaslı əməliyyat çərçivəsinin formalaşdırılması pul bazarının aktivləşdirilməsinə əlavə dəstək verəcəkdir.
Fiskal sistemin dayanıqlığı və sabitliyinin təmin edilməsi, maliyyə-bank sektorunun sağlamlığı və dərinliyinin artırılması, nağdsız ödənişlərin genişləndirilməsi, dollarlaşmanın azaldılması, habelə makroiqtisadi koordinasiyanın effektivliyinin yüksəldilməsi də inflyasiyanın hədəflənməsi rejiminə keçidi sürətləndirəcəkdir.
Yeni rejimə keçid tədbirləri çərçivəsində Mərkəzi Bank özünün təhlil və proqnozlaşdırma potensialını və fəaliyyətinin şəffaflığını daha da yüksəldəcəkdir. Proqnozlaşdırmanın keyfiyyətinin artırılması inflyasiyanın gözlənilən səviyyəsi ilə onun hədəflənən səviyyəsi arasında fərqləri müəyyən etməyə və minimallaşdırmağa imkan verəcəkdir. Pul siyasətinin kommunikasiyasında edilən dəyişikliklər ictimaiyyətin diqqətini məzənnədən inflyasiyaya yönəldəcəkdir ki, bu da gözləntiləri dəyişməklə qiymət sabitliyinə nail olmağı dəstəkləyəcəkdir. Mərkəzi Bankın maliyyə və əməliyyat müstəqilliyinin qorunması da qiymət sabitliyini dəstəkləyən amillərdən biri olacaqdır. Yeni bank qanunvericiliyi Mərkəzi Bankın məsuliyyət-müstəqillik və şəffaflıq-hesabatlıq üzrə institusional əsaslarını daha da gücləndirməlidir.
2.4. Maliyyə sektorunun sabitliyi və inkişafı
2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində səylər artırılacaqdır. Maliyyə sektorunda resturuktrizasiya proseslərinin başa çatdırılması, problemli aktivlərin tənzimlənməsi üzrə təsirli tədbirlər görüləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu yüksəltməlidir.
Bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaqdır.
Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaqdır. Bunun üçün Mərkəzi Bank bank sektorunda problemli kreditlərin həcminin daha effektiv şəkildə azaldılması və kredit təşkilatları tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcəkdir.
Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaqdır. Mərkəzi Bankın likvidlik alətləri arsenalı bank sisteminin likvidliyinin qorunmasında mühüm rol oynayacaqdır. Bundan başqa, dövlət qiymətli kağızlarının həcminin genişlənməsi və banklararası kredit bazarının inkişafı da banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.
Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaqdır. Stres-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcəkdir.
Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi işləri görüləcəkdir. Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin tətbiqi məqsədilə pilot qaydada ilkin işlərə başlanılması nəzərdə tutulmuşdur.
Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcəkdir. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi və stres-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.
Bank sisteminə etimadın artırılması çərçivəsində əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaqdır. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət də bank sisteminə etimadın yüksəldilməsinə xidmət edəcəkdir. 2020-ci ildə müxtəlif hədəf qruplarından olan əhali arasında regional əhatəlilik genişlənməklə geniş maarifləndirmə tədbirləri davam etdiriləcək. İctimaiyyətin maliyyə savadının artırılması onların risk idarəetməsinin yaxşılaşmasına, borc intizamının artırılmasına və məsuliyyətli borclanma davranışının yayılmasına şərait yaradacaqdır.
İqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2020-ci ildə gücləndiriləcəkdir.
Maliyyə vasitəçiliyinin inkişafı istiqamətində Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılmasına hədəflənəcəkdir.
Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək. Qeyri-maliyyə sektorunda korporativ idarəetmənin geniş tətbiqi, kreditorların hüquqlarının qorunması mexanizminin gücləndirilməsi növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaqdır.
Faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2020-ci ildə Mərkəzi Bankla bank ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcəkdir. Ölkədə nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz dərəcələrinə azaldıcı təsir göstərən amil olacaqdır.
Maliyyə xidmətlərinə əlyetərliyin paytaxtdan kənarda da artırılması məqsədi ilə kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaqdır. Bankların, habelə poçt sistemi daxil olmaqla bank olmayan kredit təşkilatlarının regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması istiqamətində tədbirlər görüləcəkdir.
İnnovativ maliyyə alətlərinin tətbiqinin yayılması, mobil texnologiyaların bank sisteminə daha geniş inteqrasiyası kredit institutlarının əməliyyat xərclərinin, borcalanların isə vaxt itkisinin və inzibati xərclərinin aşağı salınmasına imkan verəcəkdir. Bu da öz növbəsində bazar subyektlərinin maliyyə xidmətlərinə sürətli çıxışının təmin olunması və borcun qiymətinin ucuzlaşması baxımından əhəmiyyətlidir.
İqtisadiyyata uzunmüddətli investisiyaların artırılmasındakı rolunu nəzərə alaraq Mərkəzi Bank pul və kapital bazarlarında aktivliyə yönəlik tədbirlər görəcəkdir. Bazar iştirakçıları və infrastruktur provayderləri ilə aktiv dialoq şəraitində tarif rejiminin optimallaşdırılması davam etdiriləcəkdir. İnvestisiya xidmətlərinin elektronlaşdırılması, investor-müəssisə münasibətlərinin dərinləşdirilməsi üçün elektron platformaların yaradılması, investorlara məsafədən ticarət aparmağa imkan verən sistemlərin tətbiqinə dair müvafiq işlər görüləcəkdir. Qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün əlverişli vergi mühitinin formalaşdırılması üzrə təşəbbüslər göstəriləcəkdir. Kapital bazarlarında təklifin stimullaşdırılması üçün qiymətli kağızların qeydiyyat prosedurunun və şirkətlər üçün listinq tələblərinin daha da sadələşdirilməsi, habelə xarici investorların cəlbinin asanlaşdırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.
Şəffaflığın artırılması məqsədi ilə bazar iştirakçıları üçün informasiya əlçatanlığının artırılması və bu yolla informasiya assimmetriyasının aradan qaldırılması üzrə işlər görüləcəkdir. Maarifləndirmə və təşviqat işlərinin aparılması, o cümlədən potensial investorların qiymətli kağızların faydaları və riskləri barədə məlumatlarının artırılması nəzərdə tutulur. Şirkətlərin şəffaflıq və hesabatlığının müasir standartlara uyğunlaşdırılması da kapital-maliyyə bazarında investisiya alətlərinin geniş istifadəsini dəstəkləyən amil olacaqdır.
Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində səylər artırılacaqdır. "Sekyuritizasiya fəaliyyəti haqqında” Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcəkdir. Törəmə maliyyə alətləri bazarı üzrə hüquqi çərçivənin də qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur. Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədavülünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaqdır. İnvestisiya fondlarının fəaliyyətinin təşviqi məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaqdır.
Rəqabət mühitinin maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və maliyyə məhsullarının müxtəlifliyinin, nəticədə innovasiyanın təşviqindəki rolunu nəzərə alaraq, maliyyə bazarlarında rəqabətin təşviqi də Mərkəzi Bankın diqqətində olacaqdır. Bu məqsədlə beynəlxalq maliyyə institutlarının əməkdaşlığı ilə rəqabətin dəstəklənməsi üzrə zəruri addımların atılması nəzərdə tutulur.
2020-ci ildə sığorta sektorunda effektiv tənzimləmə və nəzarəti təmin etmək, icbari və könüllü sığorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi Mərkəzi Bankın vacib prioritetlərindən olacaqdır.
Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sığorta yığımlarının artırılması, yeni sığorta alətlərinin tətbiqi, sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sığortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sığortadan istifadəsinin təşviqi, sığorta sistemində neqativ halların qarşısının alınması ilə sektora edimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcəkdir. Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sığorta fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi işləri görüləcəkdir.
Önümüzdəki ildə yeni institusional əsaslarda kənd təsərrüfatı sığortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq, bu sahədə defolt risklərinin diversifikasiyasına şərait yaratmaqla uzunmüddətli investisiya planlaşdırılmasına təkan verəcəkdir.
Nəzarətin təkmilləşdirilməsi məqsədi ilə sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycandakı nümayəndəliklərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin aparılması təmin ediləcəkdir. Sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sığortaçılarda səyyar yoxlamaların həyata keçirilməsi də planlaşdırılır.
2.5. Rəqəmsal ekosistemin inkişafı
Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri "Ani ödəniş sistemi”nin yaradılması olacaqdır. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaqdır.
Ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işləri də 2020-ci ildə davam etdiriləcəkdir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görüləcəkdir. Rəqəmsal ödənişlər sahəsində tənzimləyici test rejiminin tətbiqi imkanları qiymətləndiriləcək və "Baza bank xidmətləri paketi” layihəsi təşviq olunacaqdır. Ödəniş ekosistemində yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, tətbiq edilən məhsulların qiymətləndirilməsi aparılacaqdır. Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur. Rəqəmsal bankçılıq və rəqəmsal ödəniş texnologiyaları sahəsində innovativ həllərin tətbiqi, risklərin daha operativ idarə edilməsi məqsədi ilə tənzimləyici çərçivədə zəruri dəyişikliklər aparılacaqdır. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi təşviq olunacaqdır.
Müasir ödəniş sistemlərinin yaradılması ilə bərabər ümumi texnoloji inkişaf məsələləri də diqqətdə saxlanılır. Mərkəzi Bank ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini həyata keçirməkdədir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaqdır. Eyni zamanda, 2020-ci ildə innovativ maliyyə texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə açıq bankçılıq prinsip və standartlarının yaradılması prioritet olaraq seçilmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bütün dünyada olduğu kimi, Azərbaycanda da kiber təhlükəsizlik məsələlərini aktuallaşdırır. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən kiber təhdidlərə qarşı adekvat tədbirlərin görülməsi 2020-ci ildə də təmin ediləcəkdir.
Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə maarifləndirmə səviyyəsinin yüksəldilməsi istiqamətində səylər gücləndiriləcəkdir. Aidiyyətı dövlət qurumları ilə əməkdaşlıqda tədris müəssisələrində şagird və tələbələrə elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin öyrədilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Ümumilikdə, Mərkəzi Bank qarşıdakı strateji dövrdə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının gücləndirilməsi, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində qarşıya qoyulan prioritetləri vaxtında reallaşdırmağa çalışacaqdır.
Yaradılacaq sabitlik platformasında Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni nəsil islahatlar cəmiyyətin bütün təbəqələrinin iqtisadi inkişafdan faydalanmaq imkanlarını artıracaqdır.
Əlavə 1
Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki
2020-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
31 yanvar
19 mart
1 may
19 iyun
30 iyul
18 sentyabr
30 oktyabr
18 dekabr
Qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 30 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.