Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 791,2 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,6 milyon manat və ya 12% artım deməkdir.
Belə ki, ötən ilin sentyabrın 1-nə bankların qeyri-işlək kreditlərinin ümumi həcmi 706,6 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artım tendensiyasını təsdiqləyir. Ötən ilin sonu (655,1 mln. manat) ilə müqayisədə problemli kreditlər 136,1 milyon manat (20,8%) artıb. Aylıq müqayisədə isə (avqusta nəzərən) portfeldə 0,7 milyon manatlıq (0,1%) cüzi azalma qeydə alınıb.
Xatırladaq ki, bankların cəmi qeyri-işlək kreditləri ötən ilin eyni dövründə 706,6 milyon manat, ötən ilin sonunda 655,1 milyon manat, bu ilin avqustun 1-də isə 791,9 milyon manat təşkil edirdi.
Sentyabrın 1-nə olan məlumata görə, qeyri-işlək kreditlər ümumi kredit portfelinin 2,8%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,7%) ilə müqayisədə 0,1 faiz bəndi artıb (pisləşib). Ötən ilin sonu (2,4%) ilə müqayisədə isə portfeldəki pay 0,4 faiz bəndi pisləşib. Aylıq müqayisədə isə dəyişiklik qeydə alınmayıb.