Azərbaycanda ilk dəfə olaraq məhkəmələrdəki problemlərlə bağlı bankların fərdi müraciətlərinin qəbuluna başlanılıb. Bu barədə FED.az-a bank sektorunda prosesdən məlumatlı mənbələr bildirib. Məlumata görə, Ədliyyə Nazirliyi banklardan məhəmələrdəki problemlərlə bağlı fərdi müraciətləri qəbul edir. Proses 3-4 həftə əvvəl başlayıb.
Eləcə də bax: Palata rəhbəri: «Sahibkarlar bankları haqlı-haqsız - İTTİHAM EDİR»
Qeyd edək ki, bu müraciətlər Ədliyyə Nazirliyi ilə banklar arasında yaradılmış işçi qruplar çərçivəsində şəyata keçirilir. İşçi qrupa bank sektoru ilə yanaşı, nazirliyin məhkəmə, icra və notarius orqanlarının nümayəndələri də daxildir: «Banklar əllərində olan konkret məhkəmə işləri və ya artıq qəbul edilmiş məhkəmə qərarları ilə nazirliyə müraciət edib onların həllini istəyirlər. İşçi qrupda məsələyə baxılır və əgər tələb obyektivdirsə, həmin işin icrasında yaranan problem yerindəcə həll edilir.
Bankların müraciətləri məhkəmə və icra prosesinin müxtəlif mərhələləri ilə bağlıdır: «Bu problemlər müxtəlif ola bilər. Məsələn, hansısa notarius icra qeydini yazmır və ya hansısa məhkəmə mənasız yerə, heç bir ehtiyac olmadan əlavə ekspertiza təyin edir və sair. İşçi qrupda həmin orqanla əlaqə yaradıb məsələni boş yerə uzatmamaq və bürokratiyaya yol verməmək tövsiyə edilir» - deyə FED.az-a bildirilib.
Dəqiq sayı məlum olmasa da, ötən müddət ərzində nazirliyə onlarla məhkəmə işinin təqdim edilib və onların bir hissəsi həllini tapıb: «Hər dəfə bir neçə bank əllərində konkret məhkəmə işləri ilə müraciət edir və məlumat verirlər». Nazirliyə müraciət həmin məsələnin dərhal bankın xeyrinə həll edilməsi demək deyil: «Müraciət edilir, həllini tapanlar da, tapmayanlar da olur».