Azərbaycan bankları bank hesablarının açılması, aparılması və bağlanması məqsədilə “Öz müştərini tanı” prinsiplərinə uyğun daxili qaydalara malik olmalıdır. FED.az xəbər verir ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin təsdiqlədiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda nəzərdə tutulur.
Eləcə də bax: “Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer - YENİ TƏYİNAT
Sənədə əsasən «Öz müştərini tanı» qaydaları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna, eləcə də sözügedən qaydaların və digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanır.
Bankın Müşahidə Şurası tərəfindən təsdiq olunacaq Daxili Qaydalarda aşağıdakı məsələlər əks olunmalıdır:
- öz müştərini tanı və müştərinin qəbul edilməsi prinsipləri;
- müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası prosedurları;
- bank hesablarına və əməliyyatlara davamlı nəzarət;
- risklərin idarə edilməsi.
Daxili qaydalarda yeni müştərinin qəbul edilməsi, müştərilərin risk səviyyəsinin müəyyən edilməsi və həmin səviyyələr üzrə kateqoriyalaşdırılması, o cümlədən müştərilərlə münasibətlərin qurulması barədə qərarların qəbul edilməsi üzrə dəqiq prosedurlar mövcud olmalıdır. Daxili qaydalar müştərilərin maliyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırmamalıdır.
Qaydalara görə, bank müştərinin risk kateqoriyasından asılı olaraq bank hesablarına və əməliyyatlara davamlı nəzarət edir, o cümlədən əməliyyatların qeyri-adi və şübhəli olmasını müəyyən edən prosedurlar və mexanizmlər müəyyən edir.