“AGBank” ASC nizamnamə kapitalını 7 mln. manat artırmaq üçün satışa çıxardığı yeni səhmlərin 82,86%-ni sata bilməyib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Xatırladaq ki, Bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd yeni səhm buraxıb. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vasitəçiliyi ilə həyata keçirilib.
Prosesin yekunlaşmasından keçən təxminən 1 ay ərzində yeni səhmlərin 600 min ədədi (1,2 mln. manatlıq hissəsi) və yaxud 17,14%-i alınıb. Son nəticədə “AGBank” nizamnamə kapitalını istədiyi kimi 6,85% yox, cəmi 1,17% artıra bilib və 102,2 mln. manatdan 103,4 mln. manata çatdırıb.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.