Azərbaycanın aparıcı banklarınan olan «RabitəBank» sürətlə böyüyərək 1 milyard manatlıq həddi keçib, bankın gəlirləri və mənfəəti kəskin artıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında «Rabitəbank»ın faiz gəlirləri 10,5 milyon manat və ya 33% artaraq 42 milyon manatı keçib. Bunun 37 milyon manatı kredit portfelinindən əldə edilən faiz gəlirləridir, əlavə olaraq «Rabitə Bank» yarım ildə başqa banklardakı depozitlərdən 1,5 milyon manat, qiymətli kağızlara etdiyi yatırımlardan isə 3 milyon manat gəlir əldə edib.
Bu dövrdə bankın faiz xərcləri isə 4,6 milyon manat və ya 52% artaraq 13,5 milyon manatı keçib.
Yarım ildə «Rabitəbank» bankda depoziti olanlara 7,3 milyon manat faiz ödəyib. Daha 1,3 milyon manat isə bankın cəlb etdiyi kreditlər üzrə ödənilib.
Nəticədə 2-ci rübün sonuna bankın xalis faiz gəliri 28,6 milyon manata yüksəlib.
Hesabat dövründə «Rabitə bank» 22,2 milyon manat qeyri-faiz gəliri əldə edib, bunun böyük hissəsi haqq və komissiya gəlirləridir ki, bu sahədə 2 milyon manatlıq artım var.
Bankın qeyri-faiz xərcləri isə 5 milyon manat artaraq 40 milyon manata yaxınlaşıb, bu dövrdə əmək haqqı xərclərində 1,7 milyon manat və ya 16% artım olub – 12 milyon manat.
Əsas artım bankın inzibati xərclərində qeydə baş verib – 2,8 milyon manat və ya 17%.
Nəticədə 2023-cü ilin 2-ci rübünün yekununa görə, «Rabitəbank»ın xalis mənfəəti 10,4 milyon manat təşkil edib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıqdır.
2-ci rübün sonuna «Rabitəbank»ın «ölçüləri» 1 milyardlıq həddi keçib. İlin əvvəlindən bəri bankın aktivləri 70 milyon manat artaraq 1 milyard 25 milyon manata çatıb.
Bu dövrdə bankın kredit portfeli 71 milyon manat böyüyərək 682 milyon manta yaxınlaşıb.
Portfelin yarısı biznes kreditləridir – bu kreditlər 28 milyon manat artaraq 334 milyon manata çatır. İstehlak kreditləri 25 milyon manat və ya 10% artaraq 230 milyon manatı, daşınmaz əmlak kreditləri isə 19 milyon manatlıq artımla 118 milyon manatı keçib.
«RabitəBank»ın vəsaitlərini 163 milyon manatı nağd vəsaitlərdə, 96 milyon manat isə qiymətli kağızlarda saxlanılır.
İlin əvvəlindən bəri bankın öhdəlikləri təqribən 70 milyon manat artaraq 912 milyon manata çatıb. Öhdəliklərin artımının 15 milyon manatını bankın buraxdığı qiymətli kağızlar təşkil edir.
Depozit portfeli isə bir qədər də böyüyərək 612 milyon manata yaxınlaşıb.
2023-cü ilin ilk 6 ayında «Rabitə Bank»da fiziki şəxslərin əmanətləri təqribən 40 milyon manat artaraq 356 milyon manata çatıb, hüquqi şəxslərin depozitləri isə 255 milyon manata bərabər olub.
Bankdakı böyümədə kapitalın da payı var – hesabat dövrünün sonuna bankın kapitalı 1,5 milyon manat artaraq 113 milyon manata yaxınlaşıb.