Ölkənin ən iri bankı olan ABB 2023-cü ilin son rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. bankın faiz gəlirləri 779,9 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsi, yəni 471,8 milyon manatı kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 121,9 milyon manat, digər faiz gəlirləri isə 79,6 milyon manat olub.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 197 milyon manat və ya 33,8%, kreditlərdən əldə olunan gəlirlər 101,6 milyon manat və ya 27,4%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 48,6 milyon manat (66,2%), digər faiz gəlirləri isə 39,7 milyon manat (99,7%) artıb.
Bankın faiz xərcləri isə 134,9 milyon manat olub ki, bu da son bir ildə 43,2 milyon manat və ya 47,1% çoxdur.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 637,5 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 153,6 milyon manat (31,7%) artım deməkdir.
ABB-nin qeyri faiz gəlirləri 241,8 milyon manat, xərcləri isə 395,5 milyon manat olub. Gəlirlər 2022-ci ilin IV rübü ilə müqayisədə 44,5 milyon manat (22,6%), xərclər isə 102,5 milyon manat (35%) çoxdur.
Xərclərin də 157,2 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 25,5 milyon manatı inzibati xərclərin, 28,9 milyon manatı amortizasiya xərclərinin, 183,9 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 31,8 milyon manat (25,4%), ümumi və inzibati xərclər 3,6 milyon manat (16,7%), amortizasiya xərcləri 110,24 min manat (0,4%), digər xərclər isə 66,9 milyon manat (57,2%) artıb.
ABB ötən ilin son rübündə 99,1 milyon manat mənfəət vergisi ödədikdən sonra 2023-cü ilin sonunu 322 milyon 270 min manat xalis mənfəətlə yekunlaşdırıb. Xalis mənfəət 2022-ci ilin sonu ilə müqayisədə 67 milyon 890 min manat (26,7%) artıb.
2023-cü ilin sonunda ABB 13 milyard 668,2 milyon manat aktivlərə malik olub.
Aktivlərin 4 milyard 70 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 284 milyon manatını ticarət və qiymətli kağızlar. 5 milyard 48,8 milyon manatını isə kredit portfeli təşkil edib.
Belə ki, ABB-nin cəmi kredit portfeli 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyard 518 milyon 189 min manat və ya 43% artıb. O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 397 milyon 412 min manat (40,9%) artaraq 1 milyard 370 milyon 120 min manata, biznes kreditləri portfeli 866 milyon 678 min manat və ya 52,9% artaraq 2 milyard 504 milyon 615 min manata, ipoteka kreditləri portfeli 254 milyon 100 min manat və ya 26,7% artaraq 1 milyard 174 milyon 36 min manata çatıb.
ABB-nin depozit portfeli 9 milyard 396 milyon 186 min manat təşkil edib ki, onun da 2 milyard 154 milyon 194 min manatı fiziki şəxslərin, 7 milyard 241 milyon 992 min manatı hüquqi şəxslərin payına düşüb.
Fiziki şəxslərin əmanətləri son bir ildə 247 milyon 115 min manat (13%) artıb.
ABB-nin kapitalı 177 milyon 296 min manat (10,9%) artaraq 1 milyard 810 milyon 218 min manata, bölüşdürülməmiş mənfəəti də 165 milyon 296 min manat (78,4%) artaraq 376 milyon 853 min manata çatıb.