Dövlət Agentliyi keçid tikmək üçün Babək prospektini yenidən qazmalı olacaq.
Bakının ən böyük prospektlərindən biri olan Babək prospekti uzun illərdən sonra nəhayət, bu il təmir edildi. Əvvəlcə 3, sonra 6 ay müddət desələr də, işlər bir neçə gün əvvəl başa çatıb. Lakin FED.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, prospektdə çox ciddi problemlər qalmaqdadır. Məsələn, bir neçə gün əvvəl müzakirələrə səbəb olan geriyədönmə yerlərində insanların üzləşdiyi problem hələ də tam həll edilməyib. Əvvəlcə geriyədönmə yerlərinə plastik dirəklər basdıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “mütəxəssisləri” sürücülərə ciddi problem yaratdı. Xüsusən də, yük maşınları və avtobuslar Babək prospektində geriyə dönərkən bir neçə dəfə irəli-geri hərəkət etməli və ya plastik dirəkləri basıb əzməli idi.
Eləcə də bax: Dünyanın ən dözümlü və ekonomik "PİCK UP"ı Azərbaycanda - SATIŞDA
Mətbuat yazandan sonra Agentlik əməkdaşları plasktik dirəkləri söksə də, indi də düz xətt çəkiblər. Bu isə orada geriyədönmə manevri edən sürücülərin cərimələnməsinə gətirib çıxarır. Belə ki, xətti məcburən tapdalayan sürücülər cərimə edilirlər.
Digər ciddi problem isə Babək prospektində piyada keçidlərinin olmamasıdır. Avtosfer.az yazır ki, əvvəllər bir neçə yerdə nizamlanmayan keçid - zebra var idi, bəzi nöqtələrdə isə svetoforla nizamlanan keçidlər qoyulmuşdu. Lakin Agentliyin prospekti təmir edəndən və işlərin başa çatdığını rəsmən elan edəndən sonra məlum olur ki, piyadalar üçün keçid qoyulmayıb.
FED.az portalı Avtosfer.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Babək prospektinin təmiri ilə layihəsində orada 6 yerdə piyada keçidinin qoyulması nəzərdə tutulubmuş. Lakin işlər başa çatandan sonra Agentliyin əməkdaşları bildirib ki, keçidləri qoymağa pul qalmayıb. Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Babək prospektində piyada keçidlərinin qoyulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə danışıqlar aparır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də bu vəziyyətdən narahatdır. Qaydalara görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu işləri BNA və DYP ilə razılaşdırılmış şəkildə görməli olduğu halda heç bir əməkdaşlıq edilməyib. Hətta, BNA və DYP-dən verilən təkliflər nəzərə alınmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları öz bildikəri kimi iş görüb və bu da müxtəlif problemlərə yol açacaq. Ehtimal olunur ki, Dövlət Agentliyi prospektdə piyada keçidlərinin tikilməsi üçün dövlətdən əlavə vəsait alsın. Bundan sonra isə Babək prospektində 2 yeraltı piyada keçidi tikiləcək, digərləri yerüstü olacaq. Bir sözlə, Babək prospektini yenidən qazmalı olacaqlar...
Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov FED.az-a bildirib ki, Babək prospektində aparılan təmir işləri keyfiyyətlidir və xeyli iş görülüb: “Lakin bir sürücü və ərazidə yaşayan sakin kimi deyə bilərəm ki, gələcəkdə Babək prospektində yenidən problemlər olacaq, tıxac yaranacaq. İşlərin keyfiyyətinə söz ola bilməz. Amma layihəni yaxşı qiymətləndirmirəm. Həm geriyədönmə yerlərində yaşanan vəziyyət, həm də piyada keçidlərinin olmaması müəyyən problemlər yaradacaq və artıq yaradır da. Düşünürəm ki, bu problemləri də həll etmək yaxşı olardı. Yol polisi ilə məsləhətləşmə aparsaydılar daha faydalı iş görmək mümkün olardı”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektində piyada keçidinin quraşdırılmaması və geridönmə xəttinin olmaması ilə bağlı yazılan ittihamlara münasibət bildirib.
A. Nəcəfli “Qafqazinfo”ya bildirib ki, hər hansı layihə həyata keçirilərkən aidiyyatı qurumlarla razılaşdırılmalar aparılır: “Ola bilməz ki, 1 ilə yaxındır ki, layihə həyata keçirilsin və heç bir qurumun bundan xəbəri olmasın. Agentlik yolların yenidən qurulması, bərpası və təmiri ilə məşğul olan qurumdur. Yolların təhlükəsizliyi və təşkili ilə məşğul olan qurum deyil. Layihə həyata keçirilərkən yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlarla birgə razılaşdırılmış şəkildə baş verir. Babək prospektində yol xətlərinin çəkilişindən tutmuş yol nişanlarının quraşdırılmasınadək işlər aidiyyatı qurumların mütəxəssislərinin iştirakı ilə onların dediyi kimi və göstərilən ərazilərdə yol nişanları quraşdırılmaqla həyata keçirilib. Əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə aidiyyəti qurumlar bunu harada göstərəcəksə bizdə icraçı qurum olaraq onu icra etməyə hazırıq. Heç kim özbaşına iş aparmır.
Bir var sağlam tənqid, bir də ki, ittiham və şər- böhtan var. Bunları bir-birilə qarışdırmaq lazım deyil. Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmamışdı. Burada məqsəd prospektin yenidən qurulması idi. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyda keçidi tikilə bilər. Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyatı qurumların razılığı olmalıdır və vəsait ayrılmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil.
Belə çıxır ki, Vaqif Əsədovun heç nədən xəbəri olmayıb? 1 ildir layihə həyata keçirilir və yol polisi bu müddətdə oradan keçməyib və heç nədən xəbəri olmayıb?! Bu necə ola bilər ki? Layihə hazırlanarkən Baş Dövlət Yol Polis İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi də öz razılığını bildirir”.