Sosial şəbəkələrdə və elan saytlarında avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək üçün müxtəlif qurğular satılır.
Azərbaycanda bahalı avtomobil nömrələri - AÇIQ-AŞKAR SATILIR - VİDEO
Qayda pozan bəzi sürücülər də cərimədən yayınmaq üçün həmin xüsusi avadanlıqlar vasitəsilə avtomobillərinin nömrələrini gizlədirlər.
FED.az xəbər verir ki, sürücülər qurğunu pult vasitəsilə idarə edərək bu yolla istədikləri an nömrəni gizləyə bilirlər. Sözügedən qurğuların qiyməti isə 200 manatdan başlayır.
Mövzuya münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
Toğrul Nəsirli qeyd edib ki, ümumiyyətlə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə halları tez-tez olur. Sürücülər bu üsulla qayda pozmağın məsuliyyətindən yayınmağa çalışsalar da, aşkarlandıqda daha çox ziyana düşürlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitərinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. (Xezerxeber.az)