Almaniyanın avtomobil şirkəti «Mercedes-Benz» üzləşdiyi böhran fonunda xərcləri azaltmağa çalışır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət rəhbərinin qərarı ilə 108 000 işçidən təxminən 90 000-i iyul ayında gözlənilən bonusları almayacaq, bu bonuslar 2027-ci ilə qədər təxirə salınıb.
Şirkətin işçilərə ünvanladığı məktubda deyilir ki, bu il maaşın 18%-i həcmində bonus nəzərdə tutulurdu, amma böhran səbəbilə bonus ödənilməyəcək. Amma «Mercedes» şirkəti bu addım nəticəsində əldə edəcəyi dəqiq qənaət məbləğini açıqlamayıb.
Şirkət bonusun ləğv edilməsini 3 səbəblə izah edib. Qlobal ticarət məhdudiyyətləri və Çin bazarındakı problemlərlə yanaşı, Almaniya istehsal yeri kimi rəqabət qabiliyyətini də əhəmiyyətli dərəcədə itirib. "Həddindən artıq yüksək xərclər bütün mənfəəti silirsə, məhsul xəttimizin uğuru azala bilər. Bütün səylərə baxmayaraq, bu gün Almaniyadakı vəziyyət dramatikdir", - Mercedes-Benz bildirib.
Məsələ təkcə bonusların ləğvi ilə bitmir, «Mercedes-Benz» vəziyyətdən çıxmaq üçün əlavə addımlar da atacaq, şirkət prosesləri kökündən dəyişəcəyini. Xərcləri isə optimallaşdıracağını elan edib.
Belə ki, işçilər üçün saatlıq ödənişin, yəni maaşların azaldılacağı bildirilib. Paralel olaraq iş saatları artırılacaq. «Mercedes»in Müşahidə Şurasının sədri Martin Brudermüller mətbuata açıqlamada şirkətin 40 saatlıq iş həftəsinə qayıdacağını elan edib, hazırda Almaniyanın avtomobil zavodlarında işçilər həftədə 35 saat işləyirlər.
Xatırladaq ki. Çin avtomobillərinin bazara daxil olması nəticəsində Almaniyanın digər avtomobil şirkətləri kimi «Mercedes» də çətinliklərlə üzləşib. Şirkətin satışları bütün dünyada, xüsusilə də Çin və ABŞ ki mi əsas bazarlarda azalıb. 2025-ci ildə «Mercedes»in xalis mənfəəti 2 dəfə azalaraq 2024-cü ildəki 10,4 milyard avrodan 5,3 milyard avroya enib. 2026-cı ilin birinci rübündə isə qrupun xalis mənfəəti 17,2% azalıb.














