Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi tərəfindən “Gəncə və Qazaxda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirilir.
Eləcə də bax: Azərbaycandakı baytarlar və aqronomlar üçün - SƏRFƏLİ TƏKLİF - QAZANC İMKANI
FED.az xəbər verir ki, layihənin məqsədi fermerlərin 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq edilən yeni subsidiya qaydaları və onlardan istifadə, eləcə də subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə (SİS) daxil edilməsi qaydaları ilə bağlı maarifləndirilməsidir.
Layihə çərçivəsində SİS-dən istifadə qaydaları, fermerlər tərəfindən müraciətlərin elektron qaydada SİS-ə daxil edilməsi, həmçinin bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi, o cümlədən əkin, məhsul və toxum subsidiyalarının hesablanma qaydaları və müvafiq əmsallar, eləcə də heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi qaydaları ilə bağlı məlumat kitabçaları hazırlanaraq fermerlərə paylanılır.
Eyni zamanda SİS-də qeydiyyatdan keçmək və subsidiya ilə bağlı müraciətlərin onlayn formada təqdim edilməsi ilə bağlı izahlı video təlimat da hazırlanaraq fermerlərin isifadəsinə verilmişdir.
Layihə barədə FED.az-a məlumat verən “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Ramil Abbasov bildirdi ki, fermerlərin “maliyyəyə çıxışının asanlaşdırılması» Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə strateji hədəflərdən biri kimi müəyyən edilib.
İndiyədək bu hədəfin reallaşdırılması üçün addımlar atılır. Bu istiqamətdə işləri sürətləndirmək, eləcə də kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 11 aprel tarixli 2806 nömrəli Sərəncam imzalayıb.
Sədr bildirib ki, kənd təsərrüfatı texnikası bazarında rəqabətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışının təkmilləşməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası” təsdiq edilib.
Ramil Abbasov onu da bildirib ki, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması addımları da atılır.
Bu məqsədlə Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası” təsdiqlənib. Həmin qayda bu ilin 1 yanvar tarixindən qüvvəyə minib.
O, bu mexanizmin effektiv tətbiqi üçün fermerlərə yeni qaydaların izahının və onların bu qaydalardan istifadə, o cümlədən subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” İnformasiya Sisteminə (SİS) daxil edilməsi prosesi üzrə maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.