Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanmağa başladı. Belə ki, kadastr uçotu işləri bitmiş rayonlarda pay torpaqlarının sahələrinin koordinatlarını, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazilərin sahəsini dəqiq əks etdirən məlumat bildirişlərinin təqdim olunmasına start verildi.
İlk pilot layihə 20 dekabr tarixində Salyan rayonunun Parça Xələc kəndində start verildi. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri paylanacaq. Alınan məlumat bildirişləri əsasında vətəndaşlar ərizə ilə pay torpaqlarına dair hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərinə təqdim edərək çıxarışları əldə edə bilərlər.
Eləcə də bax: Fermerlərə texnika və heyvan satışı şərtləri dəyişdi – YENİ QAYDALAR
Bu pilot layihə zamanı dəqiqləşmiş kadastr planı əsasında “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na uyğun olaraq torpağın sənədlərdəki məkan göstəriciləri ilə faktiki yerləş vəziyyəti arasındakı uyğunsuzluqlar müəyyənləşdirildi. Beləliklə də torpaq sahələrinin dəqiq sərhədləri bütün mülkiyyətçilərə bəlli olacaqdır. Bu layihə aidiyyəti üzrə yerli icra və özünü idarə etmə orqanları ilə razılaşdırılaraq təsdiq olunub.
Qeyd edək ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin vətəndaşlara bildiriş formasında təqdim edilməsi davam edəcək.