Göygöl rayonunun Balçılı kəndində zoğal təsərrüfatları xüsusi yer tutur.
Azərbaycanda İtaliya çiyələyi - 60-70 TON MƏHSUL VERİR - XARİCƏ SATILIR
FED.az xəbər verir ki, bu kənddə 1980-ci illərdən zoğal ağaclarının əkininə başlanıb. Demək olar ki, Balçılı kəndində 1052 təsərrüfatdan 1000-də zoğal ağacları var. Yəni hər bir təsərrüfatda orta hesabla 50-70 arası zoğal ağacı olur. Sortların müxtəlifliyi ilə seçilən zoğal ağacları məhsulun bol və keyfiyyətli olmasına görə daim alıcılar və fermerlər tərəfindən diqqətdə saxlanılır.
Kənddə zoğal yığımı avqust ayının əvvəllərindən başlanıb sentyabrın ortalarına qədər davam edir. Hər bir təsərrüfatdan yığılan məhsul topdan satış qiymətinə alıcılara təqdim olunur. Təbii ki, məhsulun növü də onun qiymətinə təsir edir.
Təsərrüfat sahibi Çimnaz Cəfərova hər il məhsuldarlıqdan asılı olaraq gəlirinin 500-2000 min manat arası dəyişdiyini deyib: “Şəxsi təsərrüfatımızda 50-yə qədər zoğal ağacı var. Bunlar arasında teymurov, gülü, qara, armudu və butulka zoğal kimi müxtəlif sortlar mövcuddur. Hazırda məhsul bol olduğu üçün qiymətlər bir qədər aşağıdır. Növündən asılı olaraq zoğalın topdan satış qiyməti 70 qəpiklə 1 manat arası dəyişir”.
Məhsulun bol və keyfiyyətli olması üçün isə ən vacib elementlərdən biri sudur. Ç.Cəfərova bildirib ki, əlaqədar qurumlar su ilə təminatın yüksək səviyyədə olması üçün əllərindən gələni etsələr də bu onları tam qane etmir.
“Havaların isti keçməsi suya olan tələbatımızı daha da artırır. Zoğal təsərrüfatından yaxşı məhsul almaq üçün gərək ağaclara yaxşı qulluq edəsən, suyunu vaxtında verəsən. İcra hakimiyyəti və digər qurumlar müraciətimi nəzərə alaraq su probleminin həlli üçün dəfələrlə kömək ediblər. Ancaq çox istərdik ki, öz artezian quyumuz olsun. Təsərrüfatı tez-tez sulayaq ki, yaxşı məhsul ala bilək”, – deyə təsərrüfat sahibi bildirib.
Qeyd edək ki, bar verən zoğal ağacından ildə 50 kiloqramadək məhsul götürmək olur. Bu isə təsərrüfat başına orta hesabla 2500-3000 kiloqram zoğal deməkdir. Hazırda kənd sakinləri zoğalı yerli və xarici bazarlara çıxarırlar. Zoğalın mürəbbəsi, kompotu, cemi, qurusu, turşusu, sousu və s. məhsulları olur. (Azərtac)