Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
1000 manatlıq günəbaxan 6,8 manata sığortalanır – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, iqlim dəyişiklikləri və çoxsaylı təbiət hadisələrinin müşahidə olunduğu 2026-cı ilin ilk 9 ayında ölkənin müxtəlif ərazilərində yerləşən əkin sahələri üzrə Fonda mindən artıq zərər müraciəti daxil olub.
Müraciətlər əsasında Fond tərəfindən zərər dəymiş ərazilərə müstəqil aqrar sığorta ekspertləri yönləndirilib, hadisələr araşdırılıb, təsərrüfatlara dəymiş zərərlər və sığorta ödənişləri hesablanıb.
Cari ilin ilk 9 ayı ərzində müxtəlif bitki növləri üzrə Aqrar Sığorta Fonduna daxil olmuş müraciətlər əsasında 1268 sığorta müqaviləsi üzrə 8 727 hektar əkin sahəsində zərər müəyyən edilib.
Zərər müraciətlərinin böyük hissəsi dolu, sel-subasma və fırtına riskləri ilə bağlı olub.
Belə ki, dolu nəticəsində 363 müqavilə üzrə 2 326 hektar, sel-subasma nəticəsində 502 müqavilə üzrə 2 913 hektar, fırtına nəticəsində isə 312 müqavilə üzrə 2 424 hektar əkin sahəsində zərər təsdiqlənib.
Bundan başqa, əkin sahələrinə üçüncü şəxslərin hərəkətləri nəticəsində 782 hektar, yanğın nəticəsində 221 hektar, vəhşi heyvanların hücumu nəticəsində 56 hektar, şaxtavurma nəticəsində isə 3,4 hektar sahədə zərər dəyib.
Aqrar Sığorta Fondu tərəfindən qeydə alınmış hadisələr üzrə hesablanmış zərər ödənişlərinin ümumi məbləği 4 milyon 468 min manat təşkil edib.
Ən böyük zərərə səbəb olan hadisələr dolu, sel-subasma və fırtına olub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat, üçüncü şəxslərin hərəkətləri üzrə isə 504 min manat zərər ödənişi hesablanıb.
Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən qeydə alınmış ən çox müraciət və ən böyük zərər məbləğləri taxıl sahələri ilə bağlı olub.
Ümumilikdə 1133 müqavilə üzrə 6 945 hektar əkin sahəsində baş vermiş hadisələrə görə taxıl sahələri üzrə 2 milyon 180 min manat zərər ödənişi hesablanıb. Bu məbləğ hesablanmış bütün zərər ödənişlərinin 49%-ni təşkil edir.
Meyvə və digər bitkilər üzrə hesablanmış zərər ödənişləri 1 milyon 653 min manat, texniki bitkilər üzrə isə 621 min manat təşkil edib.
Əkin sahələrinə dəymiş zərərlər ölkənin bütün iqtisadi rayonlarında qeydə alınıb.
Ən böyük zərər məbləği Quba-Xaçmaz iqtisadi rayonunda – 1,21 milyon manat müəyyən edilib. Şəki-Zaqatala iqtisadi rayonunda əkin sahələrinə 1 milyon 82 min manat, Şirvan-Salyan iqtisadi rayonunda isə 793 min manat zərər hesablanıb.
Qarabağ və Dağlıq Şirvan iqtisadi rayonlarında əkin sahələrinə dəymiş zərər müvafiq olaraq 457 min manat və 252 min manat hesablanıb.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır və ən yaxın zamanda ödənişlərə başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, 2026-cı ilin ilk 8 ayında Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik və heyvandarlıq təsərrüfatlarına ümumilikdə 1 milyon 708 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.












