Bir neçə həftə əvvəl prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı 2026-2030-cu illər üzrə yeni Dövlət Proqramının təsdiqlənməsi bu sahəyə diqqəti artırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni proqramda hökumətin hədəflərindən biri də ölkədə meyvə ixracını artırmaq, ölkəyə alterneti məndələrdən valyuta axınlarını təmin etməkdir. Bunun üçün meyvə bağlarına, daha dəqiqi intensiv bağçılığa ayrıca diqqət göstərilməsi nəzərdə tutulur.
Azərbaycandan 20 min kilometr məsafədə yerləşən Çili bu işə təqribən 30 il əvvəl başlayaraq Azərbaycanda da məşhur olan gilas-albalı meyvəsini özünün "neft"inə, yəni əsas ixrac məhsuluna çevirib.
Dünya bazarında son illər sürətlə məşhurlaşan gilas ixracatçılarından biri də Çilidir. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Çili hökuməti son 30 ildə apardığı ardıcıl siyasətlə albalı-gilas meyvəsini bir neçə milyard dollarlıq ixrac maşınına çevirib.
Hazırda albalı Çilinin əsas ixrac məhsullarından biridir. Hər il bu ölkə təkcə Çinə ümumi məbləği 3-3,5 milyard dollar olan 490 min ton albalı ixrac edir. Ümumiyyətlə Çilinin xaricə albalı ixracının 90%-i məhz Çinin payına düşür.
Gilası yığmaq asandır, daşımaq çətin – Çili bu məsələni həll edib
Albalı dərilən kimi sürətlə keyfiyyətini itirdiyinə görə, daşınma və ixrac üçün ən çətin meyvələrdəndir, buna görə də Çili bu məhsulun keyfiyyətli ixracı üçün böyük bir texnoloji saxlama-daşıma sistemi qurub. Sistemə əsasən
- Məhsul səhərlər, meyvələr hələ sərin olanda yığılır
- bir neçə saata şok soyutma vasitəsilə sıfır dərəcəyədək soyudulur.
- Meyvələr ölçüləri, rəngi və sıxlığına görə çeşidlənir.
- Meyvələr hava temperaturu idarə olunan konteynerlərə yerləşdirilir.
Konteynerlərdə havanın temperaturu 0 dərəcə, rütubətlilik isə 90-95% səviyyəsində saxlanılır. Bundan başqa, məhsulun köhnəlməsini dayandırmaq üçün havanın tərkibi dəyişdirilir, oksigen azaldılır, CO2 qazının həcmi artırılır. Albalı bu vəziyyətdə Çinə qədər olan yolu 20-25 günə qət edir, amma konteynerdəki şəraitə görə keyfiyyəti olduğu kimi qalır.
Gilası ayrıca bonanma daşıyır
Bir neçə milyard dollarlıq məhsulu təsadüfi gəmilərə buraxmaq olmaz ona görə də, Çili gilası daşıma üçün faktiki olaraq bütöv bir donanma yaradıb. Bu, mövsüm zamanı gilası sürətli daşımağa imkan verən Cherry Express xidmətidir. Təkcə bir mövsümdə, məsələn 20242025-ci ildə Çilidən Çinə 130-140 xüsusi gəmi gilas daşıyıb. Bunlar okeanın o tayına 20–25 min ədəd dondurucu konteyner daşıyıb.
Daşımaq asandır. Satmaq çətin – bu məsələni reklam həll edir
Məhsulu Çinə daşımaq asandır, amma Çin bazarında böyük rəqabət var, ona görə də Çili öz gilas və albalılarının satışı üçün reklamı dayandırmır. Mövsüm ərəfəsində Çinin iri şəhərlərində reklamlar buraxılır, supermarketlər və marketplayslərlə ciddi iş aparılır. Metro reklamı və bloggerlərdən istifadə olunur – elan edilir ki, Çili gilası Yeni il üçün ən yaxşı hədiyyədir.
Təqvim də Çiliyə işləyir - Yeni ilin sevimli hədiyyəsi
Məsələnin ən maraqlı tərəfi gilasın Çinə satılması vaxtıdır. Çili hökumətinin məmurları əsas bazar olaraq Çini təsadüfən seçməyiblər – əvvəla qeyd edək ki, Çili cənub yarımkürəsində yerləşir, yəni burada yayda gilas yetişəndə, Çində qış olur. Ən əsası Çilidə gilas yetişəndə gilasın digər istehsalçıları olan ABŞ, Türkiyə və İspaniyada mövsüm bitmiş olur və Çili gilası faktiki olaraq rəqibsiz qalır.
Çin yeni il bayramı ərəfəsi ən yaxşı hədiyyə gilas sayılır. Başqa sözlə, Çili Çinə təkcə məhsul deyil, gilası ilin hasnı dövründə almaq vərdişi satıb.
Çili birdən birə albalı kralı olmayıb, bu günə 30 il hazırlıq görüb…
Çili dünyanın albalı bazarına təsadüfən daxil olmayıb, ölkə indiki səviyyəyə çatana qədər uzun illər ardıcıl addımlar atıb, lazımi sistem qurub, dövlət və özəl sektoru bir hədəfə yönəldib.
Birinci addım - 1990–cu ildə Çili hökuməti kənd təsərrüfatı ixracını prioritet elan etdi. Bu dövrdə, müasir bağlar salındı, damcı suvarma geniş tətbiq olundu, ixrac sortları seçildi, soyuq zəncir (cold chain) infrastrukturuna böyük investisiyalar edildi, fitosanitar standartlar sərtləşdirildi. Məhz bu illərdə ilk iri albalı bağları salınmağa başladı. Faktiki olaraq Azərbaycanın bu gün kənd təsərrüfatında planlaşdırdığı işləri Çili 30 il bundan əvvəl başlayıb.
İkinci addım - 1996–2006-cı illərdə albalı üçün Çin bazarı kəşf edildi. 1996-cı ildə Çilinin ən böyük ixracatçılarından biri olan Garcés Fruit ilk dəfə albalını Asiyaya göndərdi. O vaxt bir çox mütəxəssis hesab edirdi ki, albalı 20 min kilometrdən çox məsafəni keçib bazara keyfiyyətli çata bilməz. Lakin logistika uğurlu alındı və bu, bütün sənayenin dönüş nöqtəsinə çevrildi.
Üçüncü addım - 2005–2015 – Çinlə Azad Ticarət Sazişi imzalandı – ümuiyyətlə 2005-ci ildə Çili Latın Amerikasında Çinlə Azad Ticarət Sazişi imzalayan ilk ölkə oldu.
2006-cı ildə qüvvəyə minən saziş nəticəsində tariflər azaldıldı, ixrac prosedurları sadələşdirildi, Çin bazarı sürətlə açıldı.Çili albalısının Çinə yolu məhz bundan sonra açıldı və ixracın sıçrayışı baş verdi.
Dördüncü addım - 2015–2022 – ixracın «Partlayış dövrü» baş verdi. Çin bazarını əldə möhkəm saxlayan Çili minlərlə hektar yeni albalı bağı saldı, xüsusi ixrac sortlarına keçdi, Çində geniş reklam kampaniyaları apardı və nəticədə albalını Çin Yeni ilinin simvollarından birinə çevirdi.
Beşinci mərhələ - 2023–indiyədək - indi Çili artıq ayrıca logistika sistemi qurub. Məhsul üçün xüsusi Cherry Express ekspres dəniz reysləri fəaliyyət göstərir və albalı birbaşa Çindən şimal limanlarına çatdırılır ki, bazara daha tez daxil olsun.
Başqa sözlə, 30 ildən artıq müddətdə aparılan məqsədyönlü dövlət siyasəti, fermerlərə dəstək, Çinlə erkən ticarət əlaqələrinin qurulması, məhsulun standartlarının tətbiqi, müasir soyuducu və qablaşdırma infrastrukturunun qurulması sözünü dedi.
Azərbaycan üçün maraqlı nəticə
Çili nümunəsi göstərir ki, albalı milyard dollarlıq ixrac məhsuluna bir gecədə çevrilməyib. Bu nəticəyə çatmaq üçün təxminən 25–30 il sistemli iş aparılıb. Yəni məhsulun uğuru təkcə bağların salınması deyil, həm də uzunmüddətli ixrac strategiyasının nəticəsi idi.





![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/2619176.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/3282282.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/3762811.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/3997778.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/4895216.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/1145273.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/654214.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/4223308.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/626297.jpg)
![[red]Bu ölkənin "nefti" - gilasdır, milyardlıq biznesə çevirib –XARİCƏ $3 MİLYARDLIQ GİLAS SATIR[/red] | FED.az](upload/news/small/507246.jpg)









