Aqrar Sığorta Fondu Xaçmaz və Xızı rayonundakı təsərrüfatlara müxtəlif hadisələrdən dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib.
Aqrar Sığorta Fondu Goranboyda fermerlərə - 50 MİN MANAT ÖDƏNİŞ ETDİ
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Xaçmaz rayonunun Qalağan kəndindən olan fermer Əsəd Nəsrullayevin buğda sahəsində baş vermiş sel-subasma hadisəsi üzrə fermerə zərər ödənişi edilib.
Fermer 33,5 hektar buğda sahəsini sığortalayıb və bu zaman hər hektar üzrə 8,3 manat sığorta haqqı ödəyib. Əkin sahəsində baş vermiş sel-subasma hadisəsi nəticəsində 6,8 hektar əkin sahəsinə zərər dəyib. Bu zərər üzrə azadolma məbləği çıxılaraq fermerə 5 642 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Zərər dəymiş 6,7 hektar əkin sahəsinin sığortalanmasına ümumilikdə 56 manat sərf edildiyini nəzərə aldıqda, həyata keçirilən sığorta ödənişi sığorta haqqından 100 dəfə artıq olub. Beləliklə, fermerin sığortaya ödədiyi cəmi 56 manat sığorta haqqı ona 5 642 manat ödəniş qazandırıb.
Xızının Yaşma kəndindən olan fermer Azay Cəlilovun təsərrüfatında tələf oluna 2 baş iribuynuzlu mal-qaraya görə, Aqrar Sığorta Fondu tərəfindən 7200 manat sığorta ödənişi həyata keçirilib. Azay Cəlilov hər birinin qiyməti 4000 manat olan 2 baş mal-qaranın 3 il müddətinə sığortalanması üçün hər biri 536 manat olmaqla 1072 manat sığorta haqqı ödəyib. Heyvanların yoluxucu xəstəlik səbəbindən tələf olmasına görə, Aqrar Sığorta Fondu tərəfindən fermerə 10 % azadolma məbləği çıxılaraq hər baş heyvan üzrə 3600 manat, ümumilikdə 2 baş heyvan üzrə 7200 manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, fermer 3 illik müddətə 536 manat ödəməklə sığortaladığı heyvanların tələf olmasına görə, bundan 7 dəfə artıq məbləğdə sığorta ödənişi alıb. Bu rəqəmlər aqrar sığortanın fermerlər üçün nə qədər sərfəli müdafiə mexanizmi olduğunu nümayiş etdirir.
Hər iki təsərrüfat sahibi aqrar sığorta ödənişindən olduqca razı qalıb və digər fermerləri də əkin sahələrini və heyvanlarını sərfəli şərtlərlə sığortalamağa çağırıblar.
Aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, yanğın, təbiət hadisələri və fəlakətlər, ilan və həşərat sancması, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, kimyəvi maddələrdən zəhərlənmə, avtomobillə vurulma, avtomobillə daşıma zamanı qəza, oğurluq-quldurluq və sair hallardan sığortalamaq mümkündür.
Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək fermer və təsərrüfatlara ümumilikdə 23 milyon manat sığorta ödənişi edib. Bunun 19,5 milyon manatı əkin sahələri, 3,5 milyon manat isə heyvandarlıq sığortasının payına düşür.














