Süfrələrin bəzəyi adlandırdığımız zəfəranın 3 min əvvələ söykənən qədim tarixi var. Bu bitkinin 70 cinsə aid 1800 növü məlumdur. Mərkəzi Asiyada 75, Qafqazda 12, Azərbaycanda 6, Naxçıvan Muxtar Respublikasında isə 4 növü yayılıb.
Eləcə də bax: Ən bahalı ikinci vegetarian məhsul - 140 MİLYON DOLLAR QAZANMAQ OLAR
FED.az xəbər verir ki, zəfəranın yetişdirildiyi sahə - Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Elmar Allahverdiyev bildirib ki, ölkəmizdə az istehsal olunmasına baxmayaraq, zəfəranın qiyməti olduqca bahadır: “Onu qiymətli edən rəngi, dadı və tərkibində olan maddələrdir. Bir kiloqram quru zəfəran əldə etmək üçün 100 min çiçəyə ehtiyac var. Elə buna görə də sözügedən möcüzəvi bitkinin kiloqramı 500-10 min ABŞ dolları arasında dəyişir”.
Zəfəranın soğanaqlar vasitəsilə çoxaldığını diqqətə çatdıran E.Allahverdiyev qeyd edib ki, şəfa mənbəyi sayılan bu bitki Abşeronda iyul-avqust aylarında əkilir, noyabrın sonu - dekabrın əvvəli isə çiçək yığımına başlanılır.
“Soğanaqların çiçəkvermə qabiliyyəti onların böyüklüyündən asılıdır. Hər çiçəkdə altı ləçək olur. Zəfəranı toplayan zaman onu çiçəklə birlikdə qoparır, çiçəkdən ayıraraq qurudurlar. Hazırda burada artıq üçüncü ildir ki, zəfəran yetişdirilir. Bu illər ərzində soğanların sayı ən azı 2-3 dəfə artıb və növbəti ildə biz bu zəfəranları çıxardıb daha geniş sahələrdə becərməyi planlaşdırırıq”, - deyə Elmar Allahverdiyev vurğulayıb.
Yarpaqları ensiz, uzunsov, tünd yaşıl rəngdə olan zəfəranın becərilməsi zamanı cərgəarası məsafə 50 santimetr, cərgədəki soğanaqların arasındakı məsafə 8 santimetr olmalıdır. Əgər bundan sıx əkilərsə, məhsulun keyfiyyəti aşağı düşə bilər.
Müsahibimiz zəfəranın xalq təbabətində geniş istifadə olunmasından danışaraq bildirib ki, alimlər zəfəranın xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biri olduğunu aşkarlayıblar. Həmçinin bu möcüzəvi bitki ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir, sinir sistemini sakitləşdirir. Onun güclü antioksidant xüsusiyyətləri də var. Belə ki, orqanizmdə gedən qocalma prosesini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir.