Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya ixrac olunan 19 tona yaxın nektarin - Geri Qaytarılıb
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri müzakirə olunub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, təsərrüfatlarda davamlı olaraq bitki zərərvericiləri və virusların aşkar edilməsi üçün monitorinqlər aparılır, ixrac olunan məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunur.
Görüşdə Rusiya tərəfi Azərbaycandan həmin ölkəyə ixrac olunan çəyirdəkli və tumlu meyvələrin iki yük partiyasında qonur monilyoz çürümə göbələyinin aşkarlanmasına dair bildirişin göndərildiyini, bu sahədə tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib və bununla əlaqədar olaraq qarşı tərəfə müvafiq araşdırmaların həyata keçirildiyi bildirilib.
Eyni zamanda görüşdə bu il ərzində Rusiyadan idxal olunan qarğıdalı və buğda məhsulları ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 66 bildirişin göndərildiyi və bu sahədə araşdırmaların aparılıb müvafiq məlumatların verilməsi, habelə Rusiyadan ölkəmizə idxal olunan məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi qarşı tərəfin diqqətinə çatdırılıb.
Tədbirdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması məsələsi müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.