Rayonlar üzrə torpaq qiymətlərində fərqli tendensiyalar müşahidə olunur.
Torpağa tələbat artır: 2025-ci ildə də bahalaşma gözlənilir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında ətraflı məlumat verilib.
2024-cü ildə torpaq bazarında qiymətlərin müxtəlif rayonlarda fərqli istiqamətlərdə dəyişdiyi müşahidə olunub.
Nəsimi və Nərimanov rayonlarında torpaq sahələrinin qiymətində azalma baş verib. Bu dəyişiklik 2023-cü ildə mərkəzi ərazilərdə aparılan tikintilərin artması, lakin 2024-cü ildə əmlak bazarında durğunluq səbəbindən tikinti həcminin azalması ilə izah olunur. Məhz bu azalma torpaq sahələrinə olan tələbin zəifləməsinə və nəticədə qiymətlərin geriləməsinə səbəb olub. İl ərzində bu iki rayonda kəskin dəyişiklik olmasa da, qiymətlər sabit qalıb.
Səbail və Xətai rayonlarında isə torpaq sahələrinin qiymətində artım müşahidə olunub. Bu artım “Ağ şəhər” layihəsinin genişlənməsi və sahilboyu infrastrukturun inkişafı ilə əlaqələndirilir. Xətai rayonunda ilin sonunda qiymətlərdə qismən ucuzlaşma qeydə alınsa da, Səbail və Nizami rayonlarında qiymət artımı davam edib.
Binəqədi və Sabunçu rayonlarında torpaq sahələrinin qiymətləri nisbətən sabit qalıb. Amma Xəzər rayonu üzrə qiymətlərdə kəskin artım baş verib. 2024-cü ilin əvvəli ilə müqayisədə ilin sonunda Xəzərdə torpaq qiymətləri 30%-ə qədər yüksəlib.
Suraxanı və Qaradağ rayonlarında da qiymət artımı müşahidə edilib. Suraxanıda bu artım 15%, Qaradağda isə 20%-ə qədər olub. Suraxanı rayonunda qiymət artımı daha çox yeni tikilən iri yaşayış kompleksləri ilə bağlıdır. Rayon ərazisində bu tip layihələrin artması torpağa olan tələbi gücləndirib.
Abşeron rayonunda isə qiymətlər nisbətən sabit qalmaqla, təxminən 5%-ə qədər artım müşahidə olunub.