Vergi Məcəlləsinə əlavə edilmiş 106.1.18-ci maddə ilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə mənfəət vergisindən azad olunmuşdur.
Eləcə də bax: Sahibkarlara dəyən zərər necə hesablanacaq? - «GƏLİRİN OLMAMASI HƏLƏ ZİYAN DEYİL»
FED.az xəbər verir ki, bu barədə Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, həmin dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə "Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları" təsdiq edilib. Bununla da elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən təşkilatların hər biri üçün ayrıca meyarlar müəyyənləşdirilib.
Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına - təsis sənədlərində "Elm haqqında" Qanunun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesinin həyata keçirilməsinin nəzərdə tutulması, həmin Qanunun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi, 3.3-cü maddədə göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqatın aparılması və ən azı 5 (beş) nəfər elmi işçisinin olması daxildir.
Təhsil sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına - dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması, "Təhsil haqqında" Qanunla müəyyən edilmiş qaydada lisenziya alması aid edilib.
Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına - dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması, köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi daxildir.
İdman sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarını - "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları, köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi təşkil edir.
Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına - Azərbaycan mədəniyyətinin, milli-mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla), teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərən qurumlar aid edilib.
Göstərilən meyarlar üzrə fəaliyyət göstərən müəssisə və təşkilatlara ödənişlər edilərkən ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan mənfəət vergisindən azadolmaya əsas vermir.
Bununla yanaşı, ödənişi alan və güzəşt hüququndan yararlanmaq istəyən müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.