Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Eləcə də bax: Aksiz dərəcələrinin artırılması mərhələli şəkildə olacaq
Komitə sədri vurğulayıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır.
Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti yaranıb.
Onlayn iclasda iştirak edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən dörd il müddətinə ƏDV-dən azad edilmişdi: “Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Layihəyə əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha bir il müddətinə artırılması təklif olunur.
Həmçinin, kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-ə qədər qüvvədə olan azadolmanın heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə daha bir il müddətinə uzadılması nəzərdə tutulub”.
S.Musayeva əlavə edib ki, sənədə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib:
“Bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin daha iki il müddətinə uzadılması məqbul hesab edilir. Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma müddəti daha bir il müddətinə artırılır.
Zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha üç il artırılması nəzərdə tutulur.
Uzun illər erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək”.
O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur: “Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır”.
Səhiyyə təşkilatlarının tövsiyələri əsasında sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların (trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, bütün növ qəlyanlar üçün nəzərdə tutulan, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsulları) aksizli malların siyahısına daxil edilməsi təklif edilib.
Ətraflı müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilməsi qərara alınıb. (Qafqazinfo)