Vergi Məcəlləsinin 154.7-ci maddəsinə əsasən, bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılırlar. Bəs kimlər üçün ƏDV qeydiyyatı məcburi xarakter daşıyır?
Vergi Xidməti "pulu kartdan karta göndərin" deyən - OBYEKTLƏRƏ XƏBƏRDARLIQ ETDİ - VİDEO
FED.az xəbər verir ki, suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə əsasən, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli, 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib.
Misal 1: “Tik tok” şirkəti ölkəmizdə virtual nümayəndəlik yaradarsa, mütləq ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Həmin tip vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.
Bəs hansı vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı imkanı yumşaldılıb?
Son dəyişikliklərə qədər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün müəyyən tələblər mövcud idi. Misal üçün, həmin tip vergi ödəyicisi xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə etməli və ödəməli idi. Başqa tələb ondan ibarət idi ki, digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirməli idi.
Son dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. Həmçinin, həmin tip vergi ödəyiciləri üçün tələblər ləğv edilib.
Misal 2: Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər göstərilən xidmətlərin dəyərini nağdsız qaydada qəbul edirsə, o zaman həmin şəxslər 1 yanvar 2024-cü il tarixdən könüllü olaraq ƏDV ödəyicisi ola bilərlər. (Vergiler.az)