İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində əməkdaşlıq davam edir.
Son 2 ilə qaytarılan vergilərin məbləği - AÇIQLANIB
FED.az xəbər verir ki, layihə çərçivəsində DVX-nin Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi ilə Dünya Bankının vergi məsələləri üzrə məsləhətçiləri arasında “Vergi öhdəliyinin qabaqcıl ölkələrin təcrübəsi əsasında idarə olunması” modulu üzrə görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, modulun məqsədi Azərbaycanın vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq və vergi borclarının alınması sahəsində müasir alətlər haqqında maarifləndirmə tədbirlərini təqdim etməkdir.
Görüş zamanı, həmçinin vergi yoxlamalarının keçirilmə qaydaları, mövcud qanunvericilikdə dəyişikliklər edilmədən yoxlama növlərinin xarici təcrübələrə uyğunlaşdırılması, vergi borcunun yığılmasında istifadə olunan alternativ alətlər, tematik audit, borcların alınması üsulu kimi əmlakın siyahıya alınması, əsaslandırılmış kameral yoxlamalar və yoxlamaların müddətlərilə bağlı müzakirələr aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.