Azərbaycanda COVİD-19-la mübarizə çərçivəsində dövlətin iş adamlarına təqdim etdiyi vergi güzəştlərindən sahibkarların 65%-i istifadə edə bilməyib.
Eləcə də bax: İş adamlarına vergi güzəştlərinin necə - TƏTBİQ EDİLƏCƏYİ AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi (STM) iş adamları - kiçik və orta biznes nümayəndələri arasında apardığı sorğunun nəticələri əsasnıda məlumat yayıb.
Mərkəzin sorğusunda iştirak edənlərin 68%-i Bakıdan, 32% regionlardan olub.
Sğrğuda məlum olub ki, koronavirus pandemiyası nəticəsində respondentlərin 21,6%-i işini tamamilə dayandırıb, işlərini müvəqqəti dayandıranlar da 21,6 olub. KOB-ların 47,2% işlərini azaldıb, yalnız 9,6% tam gücü ilə işləməyə davam edib.
Sorğunun nəticələri göstərir ki, turizm (26%), restoran və kafe sektoru (22%) və təhsil sektoru (14%) KOVID-19 karantindən dolayı ən çox mənfi təsir alanlar arasındadır.
İş adamlarının 91,5%-i bildirib ki, pandemiya onların gəlirlərini azaldıb, bu da öz növbəsində sabit xərclərə və işçilərinin maaşlarına təsir edib. Sorğuda iştirak edənlərin 7,5%-i pandemiyanın təsirini hiss etməyib, 1%-i isə pandemiyadan müsbət təsir gördüklərini bildiriblər.
Sorğuda iştirak edən biznes sahiblərinin 94,5%-i dövlət dəstəyinə ehtiyacı olduğunu bildirib. Yalnız 5,5% sahibkar hökumətdən heç bir yardıma ehtiyac duymadıqlarını bildirib.
Sorğuda iştirak edənlərin 78,4%-i KOVİD-19 pandemiyasının təsirini azaltmaq üçün dövlətin KOB-lara dəstək siyasəti və tədbirləri barədə məlumatlı olduqlarını bildirib. Qalan respondentlər, yəni 21,6% isə dövlət dəstəyindən xəbərsiz olduqlarını qeyd ediblər.
Pandemiyaya cavab olaraq dövlətin apardığı siyasətindən məmnunluğa gəldikdə isə, KOB sahiblərinin 37,7%-i bu tədbirlərdən çox məmnun olduqlarını, 35,7% razı qaldıqlarını bildirib. Rəyi soruşulanların 13,1%-i bu tədbirlərdən qane olmadıqlarını bildirib. Respondentlərin 2,51%-i isə cavab verməkdə çəətinlik çəkib. Rəyi soruşulanlardan 11%-nin bu suala cavabını isə STM açıqlamayıb.
Sorğuda iştirak edənlərin yarıdan çoxu dövlətin vergi güzəştləri haqqında müsbət fikirdə olduğunu bildirib. 20% vergi güzəştləri barədə məlumatlı olmadığını qeyd edib. Təxminən 7%-i isə mənfi fikirdə olduğunu bildirib.
Respondentlərin əksəriyyəti vergi stimullarına (vergi güzəştləri və vergi tətilləri) müsbət baxdıqlarını bildirsələr də, 64,8%-i onlardan faydalanmadığını qeyd edib. Qalan respondentlər, yəni 35,2% hökumət tərəfindən tətbiq olunan vergi güzəştlərindən faydalandıqlarını söyləyib.