Vergi orqanlarında qeydiyyata alınmaqla memar-dizayner sahəsində fərdi qaydada fəaliyyət göstərirəm. Məlum olduğu kimi, Vergi Məcəlləsinə yeni əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, gəlirim 45.000 manatı keçmədiyi təqdirdə, 75 faiz güzəşt hüququndan istifadə edə bilərəm. Bilmək istəyirəm ki, həmin güzəşt 2024-cü ilin gəlirlərinə də tətbiq oluna bilərmi?
Nağdsız ödənişlərdən imtina edənlərə maliyyə sanksiyaları tətbiq ediləcək - VİDEO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, layihə-dizayn və dekorasiya xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin 2025-ci il yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, həmin maddədə qeyd olunan güzəşt hüququ 2024-cü il üzrə göstərilmiş fəaliyyətdən əldə olunan gəlirlərə şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi