Koronavirus pandemiyası zamanı ən böyük zərbə aldığı kimi, pandemiyadan sonra ən sürətlə dirçələn sahə də turizm sektoru oldu. 2020-ci ilin yay mövsümündə praktiki olaraq sıfıra endikdən sonra 2022-ci ilin bəzi göstəriciləri pandemiyadan əvvəlki dövrü geridə qoyub. Üstəlik, bir qədər əvvəl qüvvəyə minmiş «Turizm haqqında» yeni qanun bu sektoru daha yaxşı tənzimləməlidir.
Turizm sektorunun vəziyyəti və gözlənilən yeniliklərlə bağlı FED.az-ın suallarını Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov cavablandırıb.
- Məhəmməd müəllim, Azərbaycanın turizm sektorunda uzun müddətdən sonra aktivlik müşahidə olunur . 2019-cu ildə turizmdə ciddi irəliləyiş olmuşdu. 2020-2021-ci illərdə koronavirus səbəbindən turizm sektoru demək olar ki, fəaliyyətsiz qaldı. İndi isə 2022-ci ildir və sərhədkeçmə çətinliklərini, o cümlədən quru sərhədlərinin bağlı qalmasını nəzərə almasaq, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bütün bunların fonunda hazırda ölkəyə turist axını ilə bağlı vəziyyət necədir?
- Gəlmə turizm baxımından da yanaşsaq, görərik ki, əvvəlki illərə nisbətən rəqəmlər, dinamika müsbətdir. Turizmin bərpası prosesi gedir və gəlmə turizmdə də artımlar müşahidə olunmaqdadır. Məsələn, cari ilin birinci yarısında Azərbaycanı dünyanın 165 ölkəsindən 638.8 min əcnəbi ziyarət edib ki, bu da əvvəlki ilə nisbətən 2.3 dəfə çoxdur. Bununla belə, yarımillik gəlmə sayı 2019-cu illə müqayisədə 2 dəfə azdır. Sevindirici məqam isə ondan ibarətdir ki, bu fərq hər növbəti ayda daha da azalır.
Daxili turizm isə bir çox məhdudiyyətlərin aradan qalxması ilə daha sürətlə bərpa olunur. İlin ilk üç ayında 871.6 min ölkə vətəndaşı turizm məqsədli səfərlər edib ki, bu da hətta 2019-cu ilin göstəriciləri ilə müqayisədə belə 3.9% daha çoxdur. Müşahidələrimiz isə önu göstərir ki, daxili turizmdə bərpa prosesi 2022-ci ildə tamamilə yekunlaşacaqdır.
- Ölkənin turizm infrastrukturu, hotelləri, turizm şirkətləri yeni mövsümə hazır idimi?
- Əlbəttə ki, müxtəlif çətinliklər hər zaman olur. Bununla belə, mənim bu suala cavabım “Bəli”dir. Sənaye mövsümə hazır idi. Bunu ötən həftə region səfərim zamanı bir daha müşahidə etmiş oldum. Görünən odur ki, nəinki hotellər, hətta kirayə mənzillər belə turizm mövsümünə hazırlaşıblar, hazırda isə aktiv şəkildə qonaqlama xidməti göstərirlər. Nəqliyyat-logsitika, səyahətin təşkili şirkətləri işləyir və bu baxımdan hazırlığın olduğunu görə bilirik.
Bununla belə, qeyd etməliyik ki, pandemiya turizm sənayesinin təkrar investisiya etmə imkanlarını zəiflədib ki, bu da inkişaf dinamikasına, o cümlədən mövsümə hazırlıq prosesinə təsirsiz ötüşməyib.
- 2021-ci il turizm sektorunun bərpa ili kimi qiymətləndirilirdi, bu baş verdimi?
- 2021-ci ilin ikinci rübündən etibarən turizm sektorunun makro göstəriciləri davamlı güclənib. Yəni, pandemiyanın tənəzzülü şərtləndirən trendlər sektorun bərpa dinamikası ilə əvəzlənib. Lakin problem tam olaraq aradan qalxmayıb. Baxın, hələ bu gün belə ölkənin quru sərhədləri pandemiya təhlükəsi səbəbindən bağlıdır. Hansı ki, pandemiyadan əvvəl Azərbaycana səfər edən hər 100 turistdən 60 nəfəri daha sərfəli hesab edilən quru nəqliyyatından istifadə edirdi. Buna görə də, 2021-ci ilin turizm sektorunun bərpa ili deyil, bərpanın başlama ili adlandırmaq daha doğru olardı. Bu artım daha çox yerli turistlər hesabına baş verirdi. Əgər 2019-cu ildə 3,2 milyon xarici vətəndaş gəlmişdisə, ötən il nəticələr bundan 4 dəfə az idi. Lakin daxili turist sayında əvvəlki illə nisbətən 2.7 dəfə artım qeydə alınmışdı.
Eyni zamanda, bildirmək istəyirəm ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qalxdıqca bərpa prosesi daha da sürətlənəcək. Bu, onu göstərir ki, turizm sektorunun tam bərpası üçün vaxt lazım olacaq. Əvəzində isə daxili turizmin fəallaşdığını görürük və bu həm də ümumilikdə, ölkənin iqtisadi göstəricilərində, sektorun ümumi daxili məhsul istehsalında payında da görsənir. Daxili turizm hesabına sektor, bir növ, nəfəs alır.
- Ölkədə səyahət etmək, turizmə pul xərcləmək istəyən müəyyən sosial qruplar var ki, onlar üçün ölkədaxili və ya xarici turizm olmasının fərqi yoxdur. Vəsait ayırıblar ki, turizmə xərcləsinlər. Quru sərhədlərinin bağlı olmasının səbəbləri artıq elan olunub və bununla bağlı sual qalmayıb. Bəs, turizm sektoru, yerli hotellər potensial müştəri təbəqəsini cəlb edə bilirmi?
- Doğrudan da, iqtisadi tərəfdən baxsaq, quru sərhədinin bağlı olması nəticəsində alıcılıq qabiliyyəti olan əhalinin ölkə xaricində deyil, ölkə daxilində xidmətləri satın almağa marağını artırır. Turizm sənayesi üzvləri bu faktordan yararlanaraq yerli turistlər üçün məhsullar təklif edə bilərlər. Agentlik tərəfədn turizm sınayesi üzvlərinin bu istiqamətdə səriştəsinin artırılması üçün də müəyyən tədbirlər həyata keçirilir.
- Quru sərhədinin bağlı olması xaricdən bu yolla gələnlərin də qarşısını alırmı? Çünki əvvəlki illərin statistikası göstərirdi ki, turistlərin yarıdan çoxu ölkəyə quru yollarla gəlirdi.
- Əlbətdə ki, quru sərhədlərinin bağlı olması ölkənin turizm destinasiyası kimi əlçatanlığını zəiflədir. Azərbaycana səfər edən xarici turistlərin 60 faizi Rusiya, Gürcüstan və İran kimi qonşu ölkələrin payına düşürdü ki, bu ölkələrdən gələnlərin də orta hesabla, 80 faizi quru nəqliyyatından, o cümlədən, avtobus, dəmiryolu və fərdi avtomobillərdən istifadə edirdilər. Hətta, Gürcüstandan gələnlərin 95 faizi quru yolundan istifadə edirdi.
Hazırki müşahidələrimiz göstərir ki, quru yolunun açılmamasının hər mənbə bazarı üzrə təsirləri fərqlidir. Məsələn, cari ilin yeddi aylıq nəticələrinə görə, İrandan gələnləri sayı 2019-cu ilin eyni dövrünə nisbətən 24% az olduğu halda, Rusiyada müvafiq göstərici 59 faizə, Gürcüstanda isə hətta 90 faizə yüksəlir.
Digər tərəfdən isə qeyd edim ki, hazırda əsas prioritet əhalinin salamatlığının qorunmasıdır.
- Koronavirus pandemiyası tam olaraq aradan qalxmadan daha bir virus - meymunçiçəyi virusu yayılmağa başlayıb. Sizcə, bu virusun nəticələri nə qədər ciddidir və fikrinizcə, turizm sektoruna təsir edə bilərmi?
- Düşünürəm ki, bu sualın cavabı sahə üzrə mütəxəssilər tərəfindən verilə bilər. Dövlət Turizm Agentliyi sahəvi qurum olaraq, bu sahədə istisaslaşmış yerli və beynəlxalq təşkilatların hesabatlarını və tövsiyələrini diqqətlə izləyir. Hələlik, konkret müqayisəvi təhlillərin geniş şəkildə aparılmaması səbəbindən turizmə təsirləri qiymətləndirmək bizim üçün çətindir. Bununla belə, pandemiyadan sonra daxili turizm sektorun xarici şoklara davamlılığı aspektindən nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Biz də dövlətin turizm siyasətini həyata keçirən qurum kimi, daxili turizmin inkişafına xüsusi diqqət ayırırıq və bu yöndə siyasətimizi həyata keçiririk.
- Məhəmməd müəllim, turizm sektoru ilə bağlı ən mühüm yeniliklərdən biri «Turizm haqqında» yeni Qanunun qəbul olunmasıdır. Əslində, turizm sektoru indiyədək də tənzimlənirdi. Amma yeni Qanun dünyadakı prosesləri, müasir dövrün tələblərini nəzərə alaraq qəbul olunubdur. Əsas yeniliklərdən biri hotellərə münasibətdə yeni ulduz sisteminin tətbiq edilməsidir. Bu barədə ətraflı məlumat verərdiniz: Məsələn, indiyədək ulduzları olan hotellər də yenidən ulduz almalıdırlarmı, bu məsələ necə tənzimlənir?
- İlk olaraq qeyd edim ki, artıq 5 ilə yaxın idi ki, ölkədə fəaliyyət göstərən hotellərə münasibətdə ulduz təsnifatından keçmək tələb olunmurdu. Nəticədə, demək olar ki, bütün hotellərin ulduz nişanları qüvvədən düşmüşdü. «Turizm haqqında» yeni Qanunda isə nəzərdə tutulub ki, mehmanxana kimi fəaliyyət göstərən hər bir yerləşmə vasitəsi müəyyən prosedurlardan keçərək və tələblərə cavab verərək «Ulduz nişanı» almalıdır. Bu isə o deməkdir ki, hazırda fəaliyyət göstərən hotellər ulduz nişanlarından istifadə etmək üçün yeni sertifikasiya prosesurlarına uyğun şəkildə qiymətləndirilməli və «Ulduz nişanı» ilə təmin edilməlidirlər.
- Bu proses nə vaxtadək baş çatmalıdır, hotellərə «Ulduz» almaq üçün nə qədər vaxt verilib?
- Qanuna görə, hotel fəaliyyətə başladığı 6 ay müddətində «ulduz nişanı» almaq üçün müraciət etməlidir.
- Dövlət qurumları “ulduz nişanı”nı bu müddət ərzində verməyi çatdıracaqlarmı? Çünki hotellərin sayı az deyil.
- Əslində, ulduz nişanı Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Qanuna uyğun olaraq verilir. Bəli, hotellərin sayı çoxdur. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi yanaşmasına üstünlük verilir. Yəni, ümumi nəzərə aldıqda təqribən 3-4 il ərzində bütün hotellərin qiymətləndirilməsi prosesi tam başa çatmalıdır. Əslində, «ulduz nişanı» alınması prosesi daha əvvəl başlamışdı və pandemiya dövründə müəyyən hotellər bu nişanı əldə ediblər. Qanun qüvvəyə minəndən sonra isə bu tələb artıq məcburidir. Yəni, əvvəllər ulduz nişanının alınması könüllü idi, indi bu tələb kimi qoyulub və məcburidir.
- «Ulduz nişanı» almayan hotellər cərimə olunacaqlar?
Bəli, qanunvericiliyin bu istiqamətdə tələbləri çox aydındır. Ulduz nişanı almadan fəaliyyət göstərən mehmanxanalar müəyyən maliyyə sanksiyası ilə üzləşəcək.
- Hotel sektorunda olanlan bildirir ki, «Ulduz nişanının» alınması bahalı bir xidmətdir. Məsələn, 40-50 otağı olan hotelin «ulduz» alması üçün 2 min manata yaxın ödəniş edilməlidir. Bu məbləğ nə üçün belə yüksəkdir?
- Nəzərə almaq lazımdır ki, bu bir xidmətdir. İstənilən uyğunluğu qiymətləndirən qurum bu xidməti göstərərkən qiymətləndirmənin, nəqliyyatın, yerləşmə və qidalanmanın, əməyin ödənişi və sonrakı mərhələdə nəzarətin, monitorinqlərin təşkili xərcləri ilə üzləşir. Prosesin davamlı təşkili üçün gəlirlər bu xərcləri qarşılamalıdır. Xidmətlər üzrə tətbiq edilən tariflər hazırlanarkən bu prinsiplər nəzərə alınmışdır. Bizim yanaşma ondan ibarətdir ki, bu işi təşkil edən strukturun gəlirləri xərclərini qarşılaya bilsin, yəni burada hər hansı bir biznes, kommersiya məqsədləri güdülmür. Bununla belə, sahibkarlıq subyektlərinin də maliyyə yükü adekvatlığının təmin edilməsinə çalışılır. Bu məqsədlə də sertifikasiya xidməti dəyərinin hissə-hissə ödənişi mexanizmi tətbiq edilir.
- Məhəmməd müəllim, Azərbaycanda 10-a yaxın hava limanı olsa da, turizm məqsədilə hələlik yalnız əsasən, Bakı Hava limanı istifadə edilir, regionlardakı digər hava limanları isə demək olar, istifadəsizdir. Bölgələrdən xaricə, həta daxili reyslərdə belə təyyarələr demək olar ki, uçmur. Halbuki, həmin hava limanlarının aktiv istifadəsi bölgələrə xarici turizm axınını gücləndirə bilərdi. Eləcə də, ölkəyə ucuz qiymətə uçuşlar təklif edən loukoster şirkətləri gətirilə bilər. Bu vəziyyəti dəyişmək üçün Dövlət Turizm Agentliyinin hər hansı bir planı, hədəfi varmı?
- Qeyd edim ki, Dövlət Turizm Agentliyi ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən hava nəqliyyatı infrastrukturunun mövcud potensialının turizm aspektindən səmərəli istifadəsində maraqlı olan əsas qurumlardan biridir. Çünki bu sahə ilə gəlmə turizminin inkişafı, ölkənin rəqabətli destinasiyaya çevrilməsi hədəfləri arasında ciddi asılılıq vardır. Lakin Azərbaycanda bütün aeroportlar “AZAL” QSC tərəfindən idarə olunur. Dövlət Turizm Agentliyinin burda rolu daha çox təşviq formasında ola bilər və bu istiqamətdə də bizim planlarımız var. Bu planlar hökumətə təqdim olunub, məqsədəuyğun sayılacaqsa, qarşıdakı müddətdə bu təşviqlər verilə bilər.
- Təşviqlərlə bağlı əsas ideya nədən ibarətdir?
- Təklif edilən təşviqlər destinasiya üzrə uçuşlarının sayının-intensivliyinin artırılması, uçuş coğrafiyasının genişləndirilməsi, yəni marşrutların diversifikasiyası, doluluq səviyyəsinin artırılması kimi hədələri əhatə edir. Hansı ki, dünya praktikasında da bu üsullardan geniş istifadə edilir. Əsas yanaşma isə daşınan turist sayı və təşkil edilən yeni reyslərə görə subsidiyaların verilməsindən ibarətdir.
- Bu subsidiyalar turizm şirkətlərinə ödənilir?
- Təbii ki, bu mexanizm tam hazır olduqdan sonra daha dəqiq bilinəcəkdir. Ancaq hazırda təşviqlərin həm turizm şirkətlərinə, həm də hava yolu şirkətlərinə münasibətdə tətbiq olunması modelinə üstünlük verilir. Bu üsuldan bir çox ölkələrdə istifadə edilir. Bir neçə il əvvəl Türkiyə hökuməti Rusiya ilə yaranmış siyasi gərginlik fonunda turizm sektorunu bu təsirlərdən qorumaq məqsədi ilə aqressiv subsidiya mexanizmi tətbiq etdi. Yəni, xaricdən gətirilən turistlərin sayına görə aviaşirkətlərə müəyyən məbləğlər ödənilirdi. Bundan başqa, Misir, Almaniya, İspaniya kimi ölkələr də mütəmadi olaraq bu təşviq modellərindən istifadə edirlər. Əlbətdə də ki, bunun iqtisadi əsası var. Başqa sözlə, bü usul özünü doğruldur. Çünki əgər turist ölkəyə gəlirsə və dövlət onun gəlişinə görə 40-50 dollar xərcləyirsə, turistin xərclədiyi vəsaitə münasibətdə əldə edilən vergi və fiskal gəlirlər bu xərci rahatlıqla kompensasiya edir. Həmçinin, idtisadi aktivlik və məşğulluq kimi daha makro hədəflər də bu yolla dəstəklənmiş olur. Buna görə də, hökumətlər tez-tez bu dəstəkləyici alətdən istifadə edirlər.
- Məhəmməd müəllim, bir turist Azərbaycana gələndə burada hansı müddətdə qalır və nə qədər pul xərcləyir?
- Bu məsələ turizm bazarlarından, sosial qruplardan və seçilmiş turizm məhsullarından asılı olaraq dəyişir. Bu məbləğ 500 manatdan 5000 manata dəqər dəyişir. Körfəz ölkələri, Çin, Koreya, ABŞ kimi bazarlardan cəlb edilən turistlər daha çox xərcrcləyir. Amma postsovet ölkələrindən, məsələn Rusiyadan gələnlər müqayisədə daha az vəsait xərcləyirlər. Ümumilikdə isə, orta hesabla bir xarici turist Azərbaycanda 1150 manat xərcləyir. Əlbətdə ki, sektor inkişaf etdikcə bu göstərici də zamanla artır. Məsələn, 2017-ci ildə müvafiq göstərici 700 manat ətrafında idi.
O ki qaldı gecələmə sayına, cari ilin birinci yarısının göstəricilərinə görə, Azərbaycana səfər edən xarici turistlərin 65.2 faizi ölkədə 1 gündən 7 günədək gecələyənlərin payına düşür. 3 gündən artıq gecələyənlərin payı isə 64 faizədən çoxdur.
- «Turizm haqqında» yeni Qanunda yeniliklərdən biri də mülki məsuliyyətin sığortalanmasıdır. Xidmət göstərən turizm şirkətlərinin müştərilər qarşısında məsuliyyətinin sığortalanması nəzərdə tutulur. Söhbət nədən gedir, hansı məsələlərə görə sığortalanmalar olacaq və bu, nə vaxtdan başlanacaq?
Bəli, doğrudan da «Turizm haqqında» Qanunun tələblərindən biri odur ki, hər bir turizm şirkəti turistlə və ya istehlakçı ilə müqavilə bağlamalıdır, yazılı müqavilə. Bu yazılı müqavilənin strukturu ilə bağlı ayrıca tələblər var ki, burda nələr əks olunmalıdır. Qanunda əsas başlıqlar qoyulub ki, bu məsələləri mütləq həmin müqavilənin predmeti olmalıdır. Bu müqavilələr üzrə turizm şirkətlərinin öhdəlikləri sığortalanmalıdır.
- Bu müqavilənin hazırda ayrıca bir forması varmı?
Hazırda bu müqavilələr praktikada tətbiq edilir, amma ayrıca vahid bir forması yoxdur. Qanun sadəcə həmin müqavilədə əks olunan minimum tələbləri müəyyən edir. Onun üçün xüsusi bir formanın hazırlanmasına ehtiyac görmürəm.
Burda dövlət istehlakçı hüquqlarını qorumaq üçün bir yanaşma ortaya qoyur və həmin yanaşma əsasında da müqavilələr tərtib olunmalıdır. Həmin müqavilələrin icrası üçün turizm şirkətləri tərəfindən mülki məsuliyyət sığortası alınmalıdır ki, hər hansı bir müqavilənin icrasıyla bağlı problemlər yarandıqda, artıq mülki məsuliyyət mexanizmi işə düşərək məsələni həll eləsin. Bu həmçinin, turist məmnunluğunun təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və ölkənin turizm destinasiyası olaraq reputasiyasının gücəndirilməsi baxımından da əhəmiyyətlidir.
- Turizm şirkəti müştəriyə xidmət göstərir və öz mülki məsuliyyətini sığortalayır ki, onun günahı səbəbindən problem yaranarsa, sığorta şirkəti müştəriyə kompensasiya ödəsin. Gəlin dəqiqləşdirək ki, söhbət hansı hallardan gedir, sığorta hansı hallarda işə düşəcək?
Bu məsələ “B2B”, yəni iki biznes subyekti arasında qarşılıqlı razılaşma əsasında bağlanan sığorta müqavilələri ilə tənzimlənir.
- Dünya praktikasında bu sığorta adətən, hansı məsələlərə aid olur?
Əsasən, turun baş tutmaması, nəzərdə tutulan xidmətin göstərilməməsi və ya xidmət keyfiyyətinin razılaşdırılan səviyyədə təmin edilməməsi kimi hallardır.
- Məhəmməd müəllim, işğaldan azad edilmiş torpaqlar ölkənin turizm dövriyyəsinə necə qoşulacaqlar, bunun üçün hansı planlar var?
Hər kəsə məlumdur ki, işğaldan azad edilən əraizlərin geniş turizm potensialı vardır. Dövlət Turizm Agentliyi olaraq bu potensialın ən qısa zamanda turizmə qazandırılmasına çalışır. Buna görə də, sözügedən ərazilərin baş planların hazırlanması prosesində turizm fəaliyyətlərinin nəzərə alınması, turizm və rekreasiya zonaları üçün potensial ərazilərin müəyyən edilməsi, tələb qiymətləndirilməsinin aparılması və təklif infrastrukturunun yaradılması ilə əlaqədar proseslərdə aktiv iştirak edir. Digər tərəfdən isə Suqovuşan, Tuğ kimi rəqabətli turizm bölgələrində müvafiq infrastrukturun yaradılması ilə əlaqədar fəaliyyətlərdə aktiv iştirak edirik. Onu da qeyd edim ki, turizm sahəsinin inkişaf konsepsiyaları hazırlanan zaman biz iqtisadi faktorlarla yanaşı, sosial məsələləri, o cümlədən dayanıqlı məskunlaşma, məşğulluq, icma əsaslı turizm kimi məsələləri də nəzərə almağa çalışırıq.
Bununla belə, nəzərə almaq lazımdır ki, digər bütün sahələrdə üzrə olduğu kimi, turizm fəaliyyətlərinin də həmin ərazilərdə geniş tətbiqi üçün ilk növbədə, təhlükəsizlik məsələləri həll edilməli, sosial infrastruktur yaradılmalı, həmçinin məskunlaşma prosesi başlamalıdır. Ümumiləşdirsək, işğaldan azad edilən ərazilər ölkə turizminə mərhələli şəkildə və dövlətin ərazilərin bərpası ilə əlaqədar digər fəaliyyətləri ilə paralel şəkildə cəlb olunacaqdır.