Azərbaycanda ilk dəfə olaraq 3D printer vasitəsilə evlərin «çap» edilməsinə – inşasına başlanacaq.
FED.az xəbər verir ki, artıq bununla bağlı ilk şirkət yaradılıb və startap kimi qeydiyyatdan keçib.
Startapın rəhbəri İbrahim Zeynalov – 2-ci Qarabağ Savaşının iştirakçısıdır. Bildirir ki, Qarabağda xarabalığa çevrilən əraziləri gördükdə, bu ərazilərin bərpası barədə düşünərkən onda belə bir ideya yaranıb.
Eləcə də bax: Keyfiyyətli biznes və iqtisadi təhsili - XARİCDƏ HARADA ALMAQ OLAR? – MÜSAHİBƏ
- İbrahim bəy, startap nədən ibarətdir?
- Bizim niyyətimiz Qarabağın bərpası üçün yeni 3D printerlərdən istifadə edərək ev çap etməkdir, yəni inşa etmək. Bununla da Qarabağın yenidən qurulmasında iştira etmək istəyirik.
- Yəni evləri 3D printerlə çap etmək istəyirsiniz?
- Bəli, bildiyiniz ki, bu Dördüncü Sənaye İnqilabına aid yeniliklərdən biridir. 3D Printer vasitəsilə yeni binaları, qurğuları tikmək daha ucuz, daha tez başa gəlir. Üstəlik, bu qurğu memarların təxəyyülünü canlandırmaq üçün daha rahatdır, uyğundur və imkanları genişdir.
Bu gün indiki tikinti üsulları ilə tikilən binada hər hansı bir forma vermək üçün əlavə xərc tələb olunur. Bu qurğu ilə heç bir əlavə xərc tələb olunmur. Bu qurğuya hansı əmr formasını verirsənsə həmin formanı icra edir. O cəhətdən də üstünlükləri böyükdür.
- Bu üsulla evin tikintisi daha az xərcə başa gəlir?
- Əlbəttə, əvvəla nə qədər tikinti materialı tələb olunursa, o qədər istifadə edilir. Adi tikintidə nə qədər tullantı qalır. Bu qurğu istifadə olunanda heç bir tullantı qalmır. Aparatı nə lazımdı onunla edir. Bu da həm xərci azaldır, həm də ekologiyaya kömək edir.
- Sizdə hər hansı hesablama varmı ki, ənənəvi tikinti üsulları ilə müqayisədə 3D tikinti ilə aparılan tikinti zamanı tikinti materiallarına nə qədər qənaət olunur.
- İndi dünyada hesablamalar var, amma bunlar fərqlidir, çünki həmin ölkələrə uyğun aparılan hesablamalardır. Hazırda biz elə bununla bağlı bazar araşdırması edirik. Amma ortalama deyərdim ki, 3D printerlə ev tikmək 40% ucuz başa gələr.
- Onda evin tikintisi qiyməti də təqribən bu qədər ucuz başa gələcək?
- Demək olar ki. Əslində bu həm də layihədən çox asılıdır. Amma eyni layihədən söhbət gedirsə, 3D printer vasitəsilə tikinti xərcləri 30-40% daha ucuz başa gəlir.
- Yəqin ki, 3D printerlə evlər həm də daha sürətli tikilir.
- Bəli, sürətidir, dünyada praktika var ki, 100 kvadratmetrlik evləri 1 günə də inşa edə bilirlər bu printerlər vasitəsilə.
- Həyət evlərindən gedir söhbət.
- Bəli, bəli, yaşayış evlərindən.
- Tikinti zamanı material kimi yalnız beton istifadə olunur?
- Bəli, tikniti materialı olaraq beton, qatqılar və sair, layihədən asılı olaraq, istifadə edilir. Hər layihəyə uyğun qatqılar təklif olunur. Deyək ki, dəniz qırağında suya və nəmişliyə davamlılığı olsun. Küləkli havada armakarkası möhkəm olsun və sair.
- 3D tikintidə armaturdan istifadə etmək olur?
- Bəli olur, lazım olduqda sütun divarlarda istifadə olunur.
- Siz Azərbaycana neçə ədəd 3D qurğusu gətirmək, istifadə etmək istəyirsiniz?
- Hələlik, bir qurğu gətirməyə hazırlaşırıq, gələcəkdə 2-3 qurğu gətirmək niyyətindəyik.
- 3D printeri hansı ölkədən almaq planlaşdırılır?
- Hal–hazırda dünyada belə printerlərin satışını bir neçə ölkə təşkil edir. Ən keyfiyyətliləri Almaniyadan gətirilir. Biz də bu ölkədən almağı planlaşdırırıq.
- 3D printerləri imknaları necədir? Onların sürətli və nisbətən ucuz tikinti apardığını dediniz. Amma bu printerlərlə neçə mərtəbəli evlər inşa etmək olar? Onların vasitəsilə hündür binaları tikmək mümükündür?
- Bu printerlər vasitəsilə hazırda 2-3 mərtəbəyə kimi evlər inşa etmək olar, amma getdikcə inkişaf etməkdə olan sahədir. Hamı çalışır ki, istiqamətdə yeniliklər tətbiq etsin. Biz özümüz də çalışırıq ki, gələcəkdə hündür mərtəbələri tikən qurğuları icad edək.
- Hazırda əsas işiniz, xaricdən qurğunu gətirib burada işlərə başlamaqdır?
- Bəli, ilk növbədə Qarabağda işimizi gecikdirməyək. Mən özüm də bir qaziyəm. Vətən müharibəsininin əliliyəm. Döyüşdə olduğuma görə bu işləri görməyə çalışıram.
- Bu işləri həyata keçirmək üçün vəsaitiniz varmı? Yoxsa siz investor cəlb edəcəksiniz?
- Hal-hazırda məhz bu mərhələdəyik. Yaxın zamanlarda açıqlayacağıq.
- Məsələn, sizə nə qədər investisiya tələb olunur?
- Mən tərəddüd edirəm bu sualı cavablandırmağa. Bizim biznes modelimiz bir qədər fərqli ola bilər. Bizdə ola bilər ki, investor özü tikinti sahəsində fəaliyyət göstərsin. Əgər investor tikinti sahəsində çalışmırsa, bizə kömək edə bilməyəcək, ona daha az pay verə biləcəyik, variantlar çoxdur.
- Burada rəsmi qurumlara müraciət etmisinizmi? İqtisadiyyat Nazirliyində “Dördüncü sənaye inqilabı” şöbəsi”nə və ya Qarabağda tikintilərlə məşğul olan “Ərazilərin bərpası” şöbəsinə?
- Xeyr, hələlik müraciət etməmişik, biz bu işə hazılıqlı yanaşmaq istəyirik, qiymətlərimizi çıxarmaq istəyirik. Bütün məsələləri həll edib müraciət etmək istəyirik.