Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə bağlı valideynlərə müraciət edib.
Eləcə də bax: Azərbaycanda məktəblər bağlandı - RƏSMİ
FED.az məlumat verir ki, valideynlərdən təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə (3-9 mart) bir sıra tövsiyələri nəzərə almaqları xahiş olunub.
Tövsiyələr aşağıdakılardır:
1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);
2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.
3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).
4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.