“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üçün ölkəmizdə bir sıra addımlar atılmaqdadır. Strategiyanın əsas hədəflərinə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmlərinin təkmilləşdirilməsinə nail olmaq, eyni zamanda insan kapitalının davamlı inkişafını təmin etmək daxildir.
“Təhsil haqqında” qanuna dəyişiklik edilir - SİYAHI
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Milli Mühasiblər Forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, maliyyə sektorunun bütün seqmentlərinin tənzimlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması strategiyada vurğulanan mühüm amillərdən biridir:
“Buna görə də mühasibat uçotu və audit sahəsi üzrə yüksək maliyyə savadlılığına sahib kadrların yetişdirilməsinə töhfə vermək Dövlət İmtahan Mərkəzinin məqsədləri sırasına daxildir.
Yaxşı maliyyəçi mütəxəssislərə əmək bazarında həmişə ehtiyac olub və bu gün də var. Ali təhsil müəssisələrinin maliyyə ixtisasında tələbələrə mövcud olan maliyyə resurslarının necə idarə olunması öyrədilir. Təəssüf ki, bu sahədə vəziyyət hələlik o qədər də ürəkaçan deyil və tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması hələ də gündəmdədir”.
O qeyd edib ki, yüksək maliyyə savadlılığına malik peşəkar mühasiblərin yetişdirilməsi, sertifikatlaşdırmanın tam həyata keçirilməsi xeyli vaxt, çoxlu maliyyə və insan resursları tələb edən mürəkkəb bir prosesdir:
“Bu baxımdan müvafiq sahə üzrə təcrübəli ekspertlərin az sayda olması bu gün üçün əsas problemlərdən biri hesab oluna bilər. Çətinliklərə baxmayaraq, onların əlaqədar qurumların birgə səyləri ilə bu problemlərin tezliklə aradan qaldırılacağına, imtahanların və sertifikatlaşdırma prosesinin yüksək səviyyədə və uğurla aparılacağına əminəm.
Keçirdiyimiz 2 mərhələdən ibarət PMS imtahanları maliyyə və mühasibatlıq sahəsi üzrə yerli peşəkarlıq kvalifikasiyamız hesab olunur. Biz bu imtahanların daha da təkmilləşdirilməsi, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) standartlarına uyğunlaşdırılması üçün lazımi işlər aparırıq”.
DİM sədri deyib ki, dövrümüzdə elm və texnologiyalar sürətlə inkişaf edir:
“Maliyyə və mühasibat sahəsində də sürətli dəyişikliklər baş verir, yeni alqoritmlərin tətbiqi sayəsində dünən əlçatmaz görünən irihəcmli proseslər qısa bir zamanda həyata keçirilir. Yeni maliyyə xidmət və məhsulları həyatımıza sürətlə daxil olur və nəticədə müəyyən proqramların, avtomatlaşdırmanın tətbiqi eyni işi daha sürətlə, daha az sayda, lakin daha peşəkar kadrların iştirakı ilə görməyə imkan verir.
Növbədə isə süni intellektin bu sahəyə tətbiqi gözlənilir. Bəs nə baş verəcək? Daha bacarıqlı, səriştəli, intellektual səviyyəsi daha yüksək olan kadrlar yeni alqoritmlərdən, süni intellektdən məharətlə istifadə etməyi bacaracaq və əmək bazarında öz yerlərini tutacaqlar. Bunun üçün təkcə ali və ya orta ixtisas təhsili müəssisələrində yaxşı, beynəlxalq standartlara uyğun təhsil almalı deyil, daim öz üzərlərində çalışmalı, peşəkar inkişaf proqramlarından faydalanmalıdırlar. Yalnız belə mütəxəssislərə əmək bazarında gələcəkdə də ehtiyac və tələb olacaq”. (Apa)