Artıq yeni tədris ilindən Azərbaycanda 50 minə yaxın şagirdi olan Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.
Belə ki, bu məktəblərdə təhsil standartına əsasən, məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları nəzərdə tutulub.
Bəs bu məktəblərdə azərbaycanlı şagirdlər necə təhsil ala bilərlər? Qeydiyyat prosesi necə nizamlanır?
FED.az biznes və maliyyə xəbərləri portalına mövzu ilə əlaqəli daha geniş məlumatı Türkiyə Maarif Vəqfi Azərbaycan Ölkə Direktoru İbrahim Balı cavablandırıb:
- İbrahim müəllim, Türkiyənin Beynəlxalq Maarif Məktəbləri nə vaxtdan fəaliyyətə başlayıb?
- Dünyanın 67 ölkəsində, 429 təhsil müəssisəsi, 49 ölkə ilə təhsil fəaliyyəti həyata keçirən və 50 minə yaxın şagirdi olan Türkiyə Maarif Vəqfi, 17.06.2016-ci ildə TBMM tərəfindən 6721saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur. Yeni tədris ilindən etibarən isə TMV-nin Beynəlxalq Maarif Məktəbləri Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayacaq. Təhsil müəssisəsi yeni tədris ilinə tam hazırdır. Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Məktəbimizin Bakıda ilk dəfə olaraq açılmasına rəğmən insanların göstərdiyi maraq və övladlarının məhz bu təhsil müəssisəsində təhsil almaq istəyi bizi olduqca sevindirdi.
- Məktəbin fəaliyyəti ilə bağlı məlumatları necə əldə edə bilərik? İctimaiyyətə açıqlama verilibmi?
- Məktəbimizlə bağlı bütün məlumatları rəsmi olaraq Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin veb-saytı və sosial hesablarından asanlıqla əldə edə bilərsiniz. Qeyd etmək istərdim ki, yaxın günlərdə Türkiyənin Azərbaycandakı səfiri cənab Dos. Dr. Cahit Bağcı və çox hörmətli xanımının məktəbimizə ziyarəti və təhsil müəssisəsi ilə bağlı ictimaiyyətə geniş açıqlama verməsi, bir daha iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də kifayət qədər sıx və tarixi əlaqələrinin olduğunun bariz sübutudur.
- Bəs məktəbə Azərbaycanda maraq hansı səviyyədədir?
- Çox gözəl. Onu da qeyd edim ki, hazırda şagirdlərin məktəbə qeydiyyatı prosesi davam edir. Bu, əlbəttə ki, Maarif təhsil sisteminə olan inam və güvənin göstəricisidir.
- Maraqlıdır ki, məktəbə qeydiyyat prosesi necə olacaq? Valideyn övladının bu məktəblərdə təhsil almasını istəyirsə, hara müraciət etməlidir?
- Bu il üçün məktəbə qəbul və qeydiyyat psixoloqun rəyi və məktəbdə yaradılmış Komissiyanın qərarına əsasən həyata keçiriləcək. Növbəti ildən isə Maarif Məktəblərinin “MAGİS” adlanan imtahanı təşkil olunacaq. Bu imtahanın nəticələrinə əsasən məktəbə qəbul prosesi reallaşdırılacaq. “MAGİS” imtahanı məktəbimizin şagirdləri istisna olmaqla, müraciət edən digər ümumi orta təhsili alan şagirdlərə şamil olunacaq.
- Şagirdlər hansı yaşdan qəbul olunur?
- Ümumiyyətlə deyə bilərəm ki, tətbiq olunan bütün qaydalar qanunvericilik çərçivəsində həyata keçirilir. Belə ki, 5 yaşı tamam olan şagirdlərin məktəbəhazırlıq siniflərinə, 6 yaşı tamam olan və ya təqvim ilinin sonunadək 6 yaşı tamam olacaq şagirdlərin isə ibtidai siniflərə qəbulu həyata keçiriləcək.
- Bu məktəblərin üstünlükləri nədir?
- Məktəbimizdə əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompyuter dərsləri kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”-də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar təşkil olunur. Belə ki, bu istiqamətdə IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Təhsilində fərqlənənlər Türkiyənin YTB təqaüd proqramına da cəlb olunurlar. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.
Qeyd edim ki, ABMM beynəlxalq və özəl türk məktəbidir.