Gəray Musayev iqtisad üzrə fəlsəfə doktoru və təhsilin təşkili üzrə eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanıdır.
FED.az Gəray Musayevlə yüksək ixtisaslı kadrların hazırlanması və təhsil sistemində yeniliklərin edilməsi mövzusunda müsahibəni təqdim edir.
- Ali təhsili Türkiyədə almısınız, müxtəlifliyi yəqin gözəl duyursunuz. Azərbaycan və Türkiyə ali təhsil sistemlərinin fundamental fərqi nədədir?
- Bu suala əgər on il əvvəl cavab verməli olsaydım, çoxlu sayda fərqliliklərdən danışa bilərdim. Belə ki, keçmiş Sovetlər İttifaqının ali təhsil sisteminin bir çox xüsusiyyətlərini özündə ehtiva edən, keçid dövrü yaşayan Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsilinə inteqrasiya olunan Türkiyədəki sistemdən olduqca fərqlənirdi.
Lakin ölkəmizin ali təhsil sistemi Bolonya prosesinə qoşulmaqla Avropa ali təhsilinə inteqrasiya olunur və bu fərqlər getdikcə azalır. Digər tərəfdən ali təhsildə kredit sisteminin tətbiqi məzunlarımıza mobillilik prinsipi əsasında Türkiyənin, eləcə də Avropanın ali təhsil ocaqlarında asanlıqla təhsili tamamlamağa və ya növbəti pillədə davam etdirməyə imkan verir.
Hər halda hesab edirəm ki, əsas olan universitetlərin strukturundakı fərqliliklərdir. Belə ki, Türkiyədə olan və Avropa məkanındakı universitetlərin əksəriyyəti bizim ali təhsil ocaqlarından fərqli olaraq multidisiplinar universitetlərdir. Yəni onlar müxtəlif istiqamətlərdəki, o cümlədən hüquq, iqtisadiyyat, idarəetmə, mühəndislik, tibb, dəqiq elmlər və sair tədris və elmi fəaliyyətlə məşğul olurlar. Bu, eyni zamandamultidisiplinar tədqiqatlar üçün də şərait yaradır. Son illərdə ölkəmizdə qurulan yeni universitetlərdə də bu oxşarlıq hiss olunur.
Eləcə də bax: Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil olacaq – YENİ LAYİHƏ
- Dövlət xətti ilə xaricdə təhsil proqramı gözlənilən effekti verirmi? Azərbaycan yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyə bilirmi? Hansı yeni ixtisaslar üzrə mütəxəssis yetişdirməyə ehtiyac duyulur?
- Ölkəmizdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində və eləcə də, əvvəlki illərdə dövlət xətti ilə minlərlə tələbə xarici ölkələrdə təhsilin bakalavr, magistratura, doktorantura və rezidentura səviyyələrində təhsil alıblar.
Rəsmi statistikaya əsasən, təkcə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alanların sayı tibb, iqtisadiyyat, informasiya texnologiyaları, mühəndislik, humanitar və ictimai elmləri əhatə etməklə magistratura üzrə 1526, bakalavr üzrə 1257, rezidentura üzrə 547 və doktorantura üzrə isə 168 nəfər olub.
Rəqəmlərdən də göründüyü kimi, iqtisadiyyatın müxtəlif sahələrində yüksək ixtisaslı kadrlara tələbatın ödənilməsi ilə yanaşı, ali təhsil sistemində də magistratura, doktorantura və rezidentura səviyyələrində də təhsilə üstünlük verilib. Təhsillərini xaricdə tamamlayan gənclər bu gün iqtisadiyyatın müxtəlif sahələrində işləyir və öz təcrübələrini paylaşırlar. Təhsil elə bir sahədir ki, onun xarici müsbət effekti çox yüksəkdir. Bu təcrübə paylaşıldıqca, xarici müsbət effektlər də artacaqdır.
Sevindirici haldır ki, magistratura və doktorantura təhsilini xarici ölkələrdə tamamlayan gənclər ali təhsil müəssisələrində də öz fəaliyyətlərini davam etdirərək, xarici təcrübənin yayılmasına şərait yaradır, yüksək ixtisaslı kadrların yetişməsinə, eləcə də, tədqiqatların aparılmasına köməklik göstərirlər.
- Müasir dövrdə texnologiyaların yüksək templi inkişafı ixtisasların ömrünü kifayət qədər qısamüddətli edib. Bu barədə nə düşünürsunuz?
- Bilik cəmiyyətində yaşadığımız bir dövrdə ixtisaslar da zamanın tələbi ilə dəyişir. Belə ki, 5-10 il əvvəl yüksək tələbat olan, eyni zamanda prestijli hesab edilən ixtisaslar yeniləri ilə əvəzlənir və bu müddət getdikcə daha da qısalır. Yəni əvvəlki dövrlərdə olduğu kimi dörd illik ali təhsil alıb yiyələndiyiniz ixtisasla 30-35 il işləmək mümkün olurdusa, indi bu real görünmür. Çünki ixtisasların ömrü azalır və bir ixtisas artıq kifayət etmir. Bu isə öz növbəsində yeni ixtisasları gündəmə gətirməklə yanaşı, ömürboyu təhsil məsələsini də aktuallaşdırır. İnsanların daim təhsillərini yeniləyərək yeni ixtisaslar əldə etmələri, zamanın tələbinə cavab vermələri labüdləşir.
Ölkəmizdə də bu proseslər yaxından izlənilir və müvafiq işlər görülür. Bu yaxınlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə ali təhsilin bakalavr, magistratura və tibb təhsili üzrə ixtisas təsnifatlarına edilmiş dəyişikliklər xüsusilə diqqət çəkir və yerində atılmış addımdır. Həmin qərarla ixtisasların adları beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Bir-birinə yaxın və təkrarlanan ixtisaslar birləşdirilib, tələb olunmayan ixtisaslar çıxarılıb, bir sıra yeni ixtisaslar əlavə edilib.