2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib.
Azərbaycan kərə yağını hansı ölkələrdən - NEÇƏYƏ ALIR VƏ NEÇƏYƏ SATIR - ÖLKƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 84.5% və ya 56 milyon 779 min ABŞ dolları, həcm baxımından isə 84.3% və ya 10 min 155 ton artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 67 milyon 193 min ABŞ dolları dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.85% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.90 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.71 manat təşkil edib. (Apa)