Bu ilin ilk 8 ayında Azərbaycandan 88,3 milyon dollar həcmində 12 min 247 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 29 milyon dollar və ya 48,9%, miqdar ifadəsilə isə 2 min 576 ton, başqa sözlə 26,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 59,3 milyon dollar dəyərində 9 min 671 ton fındıq ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 12 manat 27 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 44 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 83 qəpik və ya 17,5% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,52%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,68%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,33% olub.