Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 142 ton və ya 3,1% azalıb. Belə ki, 2025-ci ilin ilk beş ayında ölkədə 4 min 567,5 ton çay istehsal edilmişdi. Bu il istehsal edilmiş çayın 99 tonu anbarlarda hazır məhsul kimi qalıb ki, bu da, ümumi istehsalın cəmi 2,2%-i deməkdir. Ötən ilin yanvar-may aylarında isə istehsal daha çox olsa da, anbarlarda qalan məhsul daha az, - yəni 67,9 ton və ya ümumi istehsalın 1,5%-i qədər olmuşdu.
Hesabat dövründə ölkədə istehsal olunan çayın 349 tonu və ya 7,9%-i ixrac edilib. Çay ixracı 2025-ci ilin yanvar-may aylarına nəzərən 61 ton (21,2%) artıb. Xatırladaq ki, ötən ilin ilk beş ayında ölkədən 288 ton çay ixrac edilmişdi və ixrac edilən çay ümumi istehsalın 6,3%-inə bərabər olmuşdu.
Ümumi olaraq bu ilin ilk beş ayında Azərbaycanda çay istehsalı azalsa da, ixracda artım müşahidə edilib.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanın xaricə satdığı çayın bir kiloqramı üçün orta qiyməti 8,7 dollar (14,7 manat) olub. 2025-ci ilin yanvar-may aylarında bu qiymət təxminən 9 dollar (15,2 manat) idi. Son bir ildə ölkədən ixrac edilən çayın qiyməti təxminən 0,3 dollar (50 qəpik) ucuzlaşıb.















