Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 35 min 351 nəfərə çatmışdır.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən xəbər verir ki, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.
Bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91513 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artmışdır. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.
Cari ilin yanvar-avqust aylarında ölkədə 37916 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,7-yə düşmüşdür.
2019-cu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 42163 nikah və 11317 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1342 nəfər Azərbaycana gələn, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 297 nəfər təşkil etmişdir.