"Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir".
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatında deyib.
O bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi əmək bazarının onlar üçün uyğunlaşdırılmasından asılıdır və bunun üçün qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub".
Nazir deyib ki, BP şirkəti "Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsi üzrə bir ildə 100 nəfər əlilliyi olan şəxsin xüsusi peşəyə, təhsilə yiyələnməsi öhdəliyini üzərinə götürür: "Bunun üçün 488 min manat vəsait ayırır".
Report.az