Azərbaycanda natamam iş vaxtı məşğul olanların – «part taym» işləyənlərin sayı təxminən 1 milyon nəfərə çatır.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Komitənin məlumatına görə, 2024-cü ildə Azərbaycanda natamam iş vaxtı məşğul olanların sayı 936,4 min nəfər təşkil edib. Bunlardan 375,3 min nəfəri kişilər, 561,1 min nəfər isə qadınlardır.
2025-ci ildə isə part taym işləyənlərin sayı 927,2 min nəfər olub. Bunlardan 370 min nəfəri kişilər, 557,2 min nəfəri qadınlar olub.
Başqa sözlə, ölkədə part-taym işləyənlərin 60%-i qadınlar, 40%-i kişilərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox “part time” işləyənlər 25-54 yaş aralığındadır. Belə ki, bu yaşda olan qadınların 70,6%-i, kişilərin 79,7%-i natamam iş vaxtında çalışırlar.
Bundan başqa, 15-24 yaş aralığında qadınların 21,7%-i, kişilərin 11,4%-i, 55-64 yaş aralığında olan qadınların 7%-i, kişilərin 8,2%-i, 65 yaşdan böyük olan qadınların və kişilərin 0,7%-i “part time” işlərdə işləyirlər
Xatırladaq ki, natamam iş vaxtında məşğul olanlar dedikdə tam iş vaxtı normasından az müddətdə çalışan işçilər nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının (BƏT/ILO) qaydalarına və bəzi ölkələrin təcrübəsinə görə, həftədə 30 saatdan az işləmək nataam məşğulluq kimi nəzərə alınır. Xatırladaq ki, dünyada tam məşğulluq üzrə əsas göstəricilərdən biri həftədə 40 saat (5 gün, gündə 8 iş saatı) iş nəzərdə tutulur.
Natamam məşğulluq könüllü və ya məcburi ola bilər. Məsələn, tələbə və ya ailə öhdəlikləri olan şəxs daha az işləməyi seçə bilər – bu könüllü variantdır.
Məcburi natamam məşğulluq isə - şəxsin daha çox işləmək istəməsinə baxmayaraq, kifayət qədər iş saatı əldə edə bilməməsi ilə bağlıdır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlatına görə, ümumiyyətlə Azərbaycanda rəsmi işləyənlər – yəni əmək müqaviləsi ilə işləyənlərin sayı 1,8 milyon nəfər ətrafındadır.
Natamam iş vaxtında işləyənlərin sayında isə böyük ehtimalla rəsmi işləyənlərlə yanaşı, qeyri-rəsmi işləyənlər də əksini tapıb.













