Bəzi media orqanlarında "DOST İş Mərkəzi” tərəfindən Ucar rayonunda ictimai xarakterli işlərlə təmin edilmiş vətəndaşların böyük əksəriyyətinin guya işə gəlmədikləri, onların əmək haqlarının başqaları tərəfindən mənimsənildiyi barədə şikayət dərc olunub.
ELƏCƏ DƏ BAX : Nazir Tovuzda, birinci müavini Ağstafada - VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
Həmin şikayətdə irəli sürülən ittihamlarla bağlı musavat.com-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, iddialar həqiqətdən uzaqdır:
"Bəzi media orqanlarında "DOST İş Mərkəzi” tərəfindən Ucar rayonunda ictimai xarakterli işlərlə təmin edilmiş vətəndaşların böyük əksəriyyətinin guya işə gəlmədikləri, onların əmək haqlarının başqaları tərəfindən mənimsənildiyi barədə qeyd edilənlər həqiqətdən uzaqdır. “İşsizin DOSTu” proqramı əsasında bu il ölkəmizdə 40 minədək işsiz və işaxtaran şəxs ödənişli ictimai işlərlə təmin edilib. Onların hər biri ilə əmək müqaviləsi bağlanılıb. Həmin müqavilələr işə cəlb olunan şəxsin məhz özünün iştirakı ilə bağlanılır, elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Banklar tərəfindən əmək haqqı kartları da şəxsən onların özlərinə və imza etdirildikdən sonra verilir. Belə olan halda guya “adları məlum olmayan şəxslərin” işə cəlb olunması fikri heç bir əsasa söykənmir!
Digər tərəfdən, ictimai xarakterli işlərlə təmin edilmiş şəxslərin işə davamiyyətinə mütəmadi nəzarət olunur. Həmin vətəndaşlardan üzrsüz səbəblərə görə işə çıxmayan hər hansı işçi olduqda, onunla bağlanmış əmək müqavilələrinə qanunvericilik əsasında xitam verilir. Ucar rayonunda da eyni bu prosedur həyata keçirilir. Ona görə yazıda guya ödənişli ictimai işlərə cəlb edilənlərdən böyük qisminin işə gəlmədikləri, hətta guya ölkədə olmadıqları, onların maaş kartlarının başqalarında olduğu barədə qeyd edilənlər heç bir fakta söykənməyən, əsassız fikirlərdir.
Digər rayon və şəhərlərimizdə olduğu kimi, "DOST İş Mərkəzi” tərəfindən Ucar rayonunda da yalnız rayon Məşğulluq Mərkəzində işsiz və ya işaxtaran kimi qeydiyyatda olanlar ödənişli ictimai işlərə cəlb ediliblər.
Bu yazılar Ucar rayonundan bir qrup şəxsin müraciətinə əsasən dərc edilib ki, həmin vətəndaşlardan bəziləri bundan əvvəl eyni məzmunda “DOST İş Mərkəzi"nə məktubla müraciət ediblər. Onların müraciətləri ilə bağlı müvafiq arşdırma aparılmaqla rəsmi cavablar verilib. Həmçinin üzrsüz səbəbdən işə çıxmayan şəxslərin əmək müqavilələrinə xitam verildiyi onların diqqətinə çatdırılıb".
mənbə: Musavat.com