İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir.
“Artım təxminən 1 milyon vətəndaşı əhatə edəcək”
Bəs, bu vəsaiti kimlər ala biləcək?
FED.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov suala cavab verib.
“Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilməsi hallarında vətəndaşa ödənilir”.
Pulu almaq üçün necə müraciət etməli?
“Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.
Müraciət edən şəxs əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır.
Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”, - V.Bayramov qeyd edib.










